“Neftçi”nin sadiq azarkeşlərindən biri 1989-90-cı illərdə yazdığı gündəlikləri redaksiyamıza təqdim edib. Həmin dövrün təkcə futbol olaylarını yox, həm də ictimai-siyasi mənzərəsini aydınlatmaq baxımından maraq doğuran gündəlikdən parçaları dəyərli oxucularımıza təqdim etməyi lazım bildik. Demək olar ki, yazılanların nöqtə-vergülünə toxunmadan.
(əvvəli qəzetin ötən saylarında)
6 iyun, saat 18.30. “Neftçi” srağagün çempionatda növbəti oyununu keçirdi. Evdə Suxumi “Dinamo”suna qalib gəldilər – 1:0. Topu Vəli Qasımov vurdu (20-ci dəqiqədə). Beləliklə, “Neftçi”nin 11 oyundan sonra 12 xalı var. Vəli Qasımov isə “Paxtakor”dan Şkvırinlə birgə çempionatın ən məhsuldar oyunçuları siyahısına başçılıq edir. Hər birinin hesabında 10 top var. “Neftçi” növbəti oyunu iyunun 14-də Leninqradda “Zenit”lə keçirəcək.
14 iyun, 12.30. Əvvəlcə onu deyim ki, “Neftçi” ilə “Zenit”in oyunu 20.15-dən “Araz” radiosu ilə veriləcək. Dünya çempionatına gəlincə... SSRİ yığması ardıcıl iki oyunda Rumıniya və Argentinaya 0:2 uduzaraq evə dönməyə hazırlaşır. Şəxsən mən bu çempionatda İtaliyaya azarkeşlik edirəm. Dünya çempionatları tarixində SSRİ heç vaxt belə vəziyyətə düşməmişdi. Çox güman, çempionluq uğrunda mübarizə AFR, İtaliya, Hollandiya, Braziliya və Argentina yığmaları arasında gedəcək.
SSRİ-nin iki oyunda uduzmasına həm də qəlbən sevinirəm. Ona görə ki, sovet futbolçuları ancaq “Neftçi”nin qapısına top vurmağa yaxşıdırlar.
22 iyun, saat 13.45. Dünya çempionatının qrup oyunları arxada qalıb. SSRİ, Avstriya, ABŞ, İsveç, Şotlandiya, Cənubi Koreya, Misir və BƏƏ yığmaları mübarizəni dayandırıb. Kül başına, SSRİ, gör kimlərin arasındasan... “Neftçi” dünən 5-ci turdan irəli çəkilən oyunda “Şinnik”i uddu – 3:0. Topları Vəli Qasımov (50; 73) və Nazim Süleymanov (58) vurdular. Vəlinin vurduğu 2-ci qolun gözəlliyini təsvir etmək çətindi. İyunun 14-də isə “Neftçi” Leninqradda “Zenit”lə heç-heçə etdi – 2:2. Əla nəticədi. Topları Vəli Qasımov və Vidadi Rzayev vurdu. Əclaf hakim bizim bir qolumuzu saymadı, “Zenit”in qapısına aşkar penaltini vermədi. Vəli Qasımov 13 oyunda 13 qol vurub, İqor Şkvırin isə 15 oyunda 15 qol.
4 iyul, saat 13.15. Axşam televizorda futbol var. AFR ilə İngiltərə arasında yarımfinal oyunu. 21.45-də başlayır. Artıq dörd komanda mübarizəni davam etdirir – İtaliya, AFR, Argentina, İngiltərə. Dünən ilk yarımfinal oyununda Argentina İtaliyanı penalti seriyasında uddu – 4:3. Əsas vaxt 1:1 bitdi. Topları italyanlardan Skillaçi, dünya çempionlarından isə Kanica vurdu. Beləliklə, DÇ finiş xəttinə yaxınlaşır. İndi isə “Neftçi” haqda. Bakılılar səfərdə keçirdiyi hər iki oyunda uduzdu - “Nistru”ya 0:1, “Metallurq”a 1:3. Yeganə topu Vəli Qasımov penaltidən vurdu. Hakim “Nistru” ilə oyunda “Neftçi”nin yüzfaizlik penaltisini vermədi. Srağagün isə “Neftçi” Bakıda “Fakel”i məğlub etdi – 3:1. Vəli yenə het-trik etdi. “Neftçi” 16 oyuna 17 xalla 10-cu yerə düşəcək. Vəli isə artıq 17 top vurub, liderdi, Şkvırini 2 top qabaqlayır. “Neftçi” növbəti oyunu sabah Bakıda Qorki “Lokomotiv”inə qarşı keçirəcək. Oyun saat 18.00-da televiziya ilə veriləcək. Proqnoz verirəm ki, “Neftçi” 4:0 hesabıyla qalib gələcək. Topların ikisini Vəli Qasımov, 1-ni Samir Ələkbərov, 1-ni isə Vidadi Rzayev vuracaq.
19 iyul, saat 11.30. Yay tətili günləri çox sönük keçir. Ümumiyyətlə, heç bir maraqlı xəbər yoxdu. Bu axşam televizorda “Snayperlər” bədii filmi var (Azərbaycan dilində). İndi isə keçək futbol xəbərlərinə. Əvvəla, onu deyim ki, AFR dünya çempionu oldu.
(davamı olacaq)