Çingiz İsmayılov futbol veteranının dediklərini yalanladı
Milli formada 14 qolsuz oyun, boşa verilən penalti və Azərbaycan yığmasını seçməyin məqsədəuyğun olub-olmaması ilə bağlı 26 ildi bitmək bilməyən müzakirələr... Bu cümlənin hədəfi olan Vəli Qasımovun futbolçu keyfiyyətlərini müzakirəyə çıxarmaqla, onun yararsızlığını qabartmaqla futbol jurnalistikasına ədalətsiz adam kimi düşmək istəmirəm. Belə birisi Tarxanov, Romantsev, Qazzayev kimi məşqçilərin diqqətini cəlb edə, İspaniya və Portuqaliyada legioner həyatı yaşaya bilməzdi. Amma başqa reallıq da var ki, sırf hücumçu mövqeyində oynayan Vəli yığmada ona bəslənilən ümidləri doğrultmadı, çağırılanda naz edə-edə gəldi, gedəndən sonra başqa ölkələrin, əsasən də Rusiyanın mətbuatına xoşagəlməz sözlər dedi. Maraqlıdı ki, onun bu mövzuda baxışları hələ də dəyişməyib, yenə də yığmada oyununun alınmamasının günahını özündə yox, başqalarında, AFFA-nın həmin dövrdə yaşadığı maliyyə çətinliklərində görür. Əvvəlcə 51 yaşlı futbol adamının "azerisport"a son müsahibəsindən bir hissəyə baxaq: “Daxili problemlər özümü tam reallaşdırmağa imkan vermədi. İşlərin yaxşı getməməsini daha çox həmin vaxt futbolumuzda olan maliyyə problemləri ilə bağlayardım. Qərbi Avropada oynadığıma, gəlmək üçün bileti almaq lazım olduğuna görə məni həmişə çağırmırdılar. Əvvəllər AFFA-nın buna pulu yox idi. Başqa vaxtlar idi. Bizdə hətta kapitanların oyundan öncə bir-biri ilə dəyişdiyi vımpellər də yox idi. Fuad Musayevə (AFFA-nın mərhum prezidenti – red.) deyirəm ki, rəqiblər önündə pis görünür – onlar bizə vımpel verirlər, bizim isə əlimiz boşdu. O cavab verir ki, pul yoxdu. İspaniyada 1000 vımpel sifariş etdim və gətirdim. Yığmaya əksər hallarda öz hesabıma gəlmişəm. Təkcə mən belə etmirdim. Elxan Həsənov Finlandiyada, Nazim Süleymanov Rusiyada oynayırdı. Mən yığmadan imtina etməmişəm. Hansı il olduğunu dəqiq xatırlamıram, Maltaya – yoldaşlıq oyununa getmişdik. Onda komandaya Vaqif Sadıqov başçılıq edirdi. Məncə, 1:2 uduzduq, məni isə heç meydana buraxmadılar. Sadıqova dedim ki, oynatmayacaqdızsa, məni Portuqaliyadan niyə çağırırsız? (Qasımov həqiqəti demir. Onun Portuqaliyada oynadığı 1997-99 aralığında Maltada belə oyun olmayıb – O.) Bütün cəhdlərimə rəğmən, Musayevlə bu haqda danışa bilmədim. Məğlubiyyət üzündən hətta biletin pulunu da vermədilər. Öz hesabına gəlirsən, səni isə heç meydana buraxmırlar. Pul cəhənnəmə, ilk dəfə deyildi. Ancaq heç olmasa, komanda uduzanda meydana buraxın”.
Vəli Qasımovun bu fikirləri ilə bağlı həmin vaxt AFFA-nın baş katibi vəzifəsini tutan Çingiz İsmayılovla danışdıq: “Əvvəlcə onu deyim ki, Vəli Bakıda, Azərbaycanda 5 il oynadı, sonra isə heç kimlə sağollaşmadan getdi. Fuad Musayev ona ikiotaqlı ev vermişdi – 8-ci mikrorayonda. Xanımı ilə həmin evdə yaşayırdı. Bildiyiniz kimi, 92-dən artıq SSRİ çempionatı keçirilmədi, hər respublika öz çempionatına başladı. Həmin il yığmanı da yaratdıq, komanda ilk oyununu keçirdi. O vaxt türklər bizə bu məsələlərdə çox yardım edirdilər, başa salırdılar ki, oyunçuları əldən vermək istəmirsizsə, yığma oyun keçirməlidi. Vəli bizə vımpel gətirdiyini deyir, dünən evdə sənədləri də tapmışam. Vımpelləri, nişanları, bloknotları, başqa atributları Türkiyədə hazırlatdırmışdıq, o baxımdan problem yox idi. Yenə desəydi ki, formaları dəyişməyə icazə vermirdilər, anlamaq olardı. Doğrudan da, forma çatışmırdı, futbolçulara onları dəyişməyə icazə vermirdik. Vəli Qasımov AFFA üçün bir dənə də vımpel almayıb. Hər dəfə də yığmaya gələndə ona deyirdik ki, bala, kasıbçılıqdı, pul yoxdu, 1200 dollara gəlirsən, halbuki bilet 400-500 dollaradı. Bu onun öz vicdanına qalsın. Yunanların bir kəlamı var: dünyasını dəyişən adam haqda ya yaxşı söz deyərlər, ya da heç danışmazlar. Doğrudan da, öz puluna bilet alaraq gəldiyi vaxtlar da olub. Ancaq onda da bileti təqdim edirdi mühasibata, Sədəf xanım biletin surətini çıxarıb tikirdi sənədə, Vəli də qol çəkir, pulunu dollarla alıb gedirdi. Bir dəfə də 1200 dollarlıq biletlə gələndə Fuad müəllim dedi ki, bu qiymətə bilet ola bilməz, öyrənin görün neçəyədi? Axı, yığmaya başqa ölkələrdən gələn legionerlər də var idi – Diniyev, Ələkbərov İsraildən gəlirdi, hər kəsin də pulu verilirdi. AFFA-dan zəng edib öyrəndilər, səhv etmirəmsə, 1200 dollar yox, bir qədər aşağı verdilər. Bu üzdən narazılıq yarandı. Ümumiyyətlə, Vəli vətənpərvər deyildi. Nazim Süleymanov isə tam fərqli adam idi, ömründə belə şeyi dilə gətirməzdi. Musayev də onun xətrini çox istəyirdi. Nazimə görə Ruslan Abdullayevi “Neftçi”dən çıxardı”.
ORXAN