Braziliya çempionatında 28-ci turun oyunlarından sonra liderlər qrupunda vəziyyət dəyişdi. Diqqəti cəlb edən əsas faktlar liderin büdrəməsi və əsas izləyicilərinin qələbə qazanması oldu. Tura 2-6-cı yerlərdə başlayan komandalar hesabına maksimum xal yazdı. Bununla belə, A seriyasında “Botafoqo” liderliyini davam etdirdi.
Artur Jorjenin komandası əvvəlki 3 oyunda xal itirməmişdi. Amma “Qremio” ilə ev oyunu rio de janeyrolular üçün çətin keçdi. Bu mövsüm ortabab komanda təsiri bağışlayan qonaqlar liderə əməlli-başlı müqavimət göstərdilər. “Botafoqo” topa daha çox nəzarət etsə də, qapıya daha çox zərbə endirsə də, qapıya dəqiq zərbələr üzrə rəqibindən 3:4 hesabıyla geri qaldı. “Çərçivə”yə yönələn 7 dəqiq zərbənin hamısını qapıçılar zərərsizləşdirdilər. Nəticədə matç başladığı hesabla sona çatdı və rio de janeyroluların qələbə seriyası qırıldı. Xal itkisinə baxmayaraq, Jorjenin komandası liderliyini davam etdirdi.
Amma “Botafoqo” indi əsas izləyicisini yalnız 1 xal qabaqlayır. Lideri qarabaqara izləyən “Palmeyras” əsas rəqibin büdrəməsindən maksimum yararlandı. Doğrudu, Braziliyanın son çempionu buna çətinliklə nail oldu. “Atletiko Mineyro” ilə ev oyunu ölkə nəhənginin üstünlüyü şəraitində keçdi. Qonaqlar san paululuların hücumlarının qarşısını kobudluqla ala bilirdilər. Belə vəziyyətlərdən biri fasilə ərəfəsində baş verdi və Rafael Veyqa penalti ilə hesabı açdı. Amma ikinci hissədə vəziyyət dəyişdi: “Atletiko Mineyro”nun 38 yaşlı hücumçusu Halk 68-ci dəqiqədə hesabı bərabərləşdirdi. Xal itirməyi ağlından belə keçirməyən çempion həmlələri dava etdirdi və sona yaxın qazanılan növbəti penaltini də Rafael Veyqa dəqiq yerinə yetirdi. Qələbə seriyasını 6-ya çatdıran Abel Ferreyranın komandası liderlə xal fərqini minimuma endirdi.
Çempionluğa iddialı “Fortaleza” da qələbə qazandı. Argentinalı Xuan Voyvodanın komandası üçün “Kuyaba” ilə oyun uğurlu alındı. “Göy-qırmızılar” evdə liqanın autsayderlərdən birini 1:0 hesabıyla məğlub etdilər. “Fortaleza” 3-cü yerdəki mövqeyini qorudu.
Nəhayət, “Flamenqo” 3 matçlıq qələbəsizliyə son qoya bildi. Bu oyunlarda 1 xal qazanan Titenin komandası evdə “Atletiko Paranaense”nin müqavimətini son dəqiqələrdə qırdı. Minimalhesablı qələbə “qırmızı-qaralar”ın 4-cü pillədəki mövqeyinə təsir etmədi. Ehtiyatda bir təxirə salınan oyunu olan “Flamenqo” indi liderdən 9 xal geri qalır.
“San Paulu” da azarkeşlərinin ümidlərini davam etdirir. Argentinalı Luis Subeldianın komandası derbidə “Korintians”ı 3:1 hesabı ilə məğlubiyyətə uğradaraq 5-ci yerdə qaldı.
28-ci tur
Botafoqo RJ - Qremio 0:0
Palmeyras - Atletiko Mineyro 2:1
Rafael Veyqa, 45+2-p.; 86-p. – Halk, 68.
Fortaleza – Kuyaba 1:0
Erkules, 45+4.
Flamenqo - Atletiko Paranaense 1:0
Jerson, 90.
San Paulu – Korintians 3:1
Lukas Moura, 45+8-p. Arboleda, 75. Andre Silva, 90+8 – Yuri Alberto, 83.
Bayya - Krisiuma 1:0
Kauli, 32.
Kruzeyro - Vasku da Qama 1:1
Ze İvaldo, 59 – Veqetti, 41.
Juventude - Braqantino 1:1
Mandaka, 48 – Eduardo Santos, 85.
Atletiko Qoyaniense - Fluminense 1:0
Janderson, 84.
İnternasyonal - Vitoriya 3:1
Alan Patrik, 45+4-p. Uesli, 51; 90+2 – Vaqner Leonardo, 58.
5-ci turdan təxirə salınan oyun
Qremio – Krisiuma 1:2
Vilyasanti, 67 – Artur Kayke, 14. Ronald, 78.
16-cı turdan təxirə salınan oyun
Braqantino – İnternasyonal 2:2
Con Con, 43. Vitinyo, 75 – Borre, 13. Valensiya, 77.
1. Botafoqo RJ 28 17 6 5 46-25 57
2. Palmeyras 28 17 5 6 46-20 56
3. Fortaleza 28 16 7 5 37-26 55
4. Flamenqo 27 14 6 7 43-32 48
5. San Paulu 28 14 5 9 38-30 47
6. Bayya 28 13 6 9 39-31 45
7. İnternasyonal 27 12 9 6 35-24 45
8. Kruzeyro 28 12 7 9 35-28 43
9. Vasku da Qama 27 10 6 11 31-37 36
10. Atletiko Mineyro 26 9 9 8 36-38 36
11. Braqantino 28 8 9 11 34-38 33
12. Juventude 28 8 9 11 32-38 33
13. Qremio 27 9 5 13 29-34 32
14. Krisiuma 28 8 8 12 34-42 32
15. Atletiko Paranaense 26 8 7 11 27-30 31
16. Vitoriya 28 8 4 16 30-42 28
17. Korintians 28 6 10 12 27-36 28
18. Fluminense 27 7 6 14 21-30 27
19. Kuyaba 27 5 8 14 23-39 23
20. Atletiko Qoyaniense 28 5 6 17 22-45 21
Bombardirlər: Pedro (Flamenqo) – 11, Estevao, X.Lopes (hər ikisi “Palmeyras”), Veqetti (Vasku da Qama), Halk (Atletiko Mineyro) - 9.