''Football-plus.az'' xəbər verir ki, ''Leqanes'' bu mövsüm artıq həm ''Barselona''nı, həm də ''Atletiko''nu məğlub etməyi bacarmışdı. Düşmə zonasında qərarlaşan bu klub ''Real''ı da məğlub edərək tarixə düşmək niyyətində idi. ''Leqanes'' sensasiyaya çox yaxın idi.
Təkcə bir faktı vurğulayaq ki, komanda ''Bernabeu''da fasiləyə 2:1 öndə yollandı. Amma Madrid nəhəngi ikinci hissədə özünə lazım olan qolları vuraraq 3:2 hesablı çətin və vacib qələbə qazandı. ''Kral klubu''nda gözlənilmədən start heyətində meydana çıxan Arda Gülər özünü yaxşı tərəfdən göstərməyi bacardı. Mbappenin penaltidən hesabı açdığı anda komandası üçün penaltini məhz Arda qazandı. Karlo Ançelotti onu 62-ci dəqiqədə əvəzlədi. Türkiyəli ulduz 9 rəsmi oyundan sonra ilk dəfə start heyətində meydana çıxdı.
Maraqlıdı ki, o, sonuncu dəfə yenə də ''Leqanes''lə qarşılaşmada ilk ''11-lik''də peyda olmuşdu. Həmin oyun fevralın 5-də ölkə kuboku çərçivəsində baş tutmuş və ''Real'' səfərdə yenə də 3:2 üstün olmuşdu. Bu dəfəki matçın ardından Ançelotti Ardanı tərifləyərək bunları dedi:
''Arda çox yaxşı və faydalı oynadı. Səviyyəsini göstərməyi bacardı. Oyunu çox yaxşı oxuyur. Digər hücum oyunçuları kimi rəqib müdafiəsini daim gərginlikdə saxlamasa da, topla əla rəftar edir. Topu özündə yaxşı saxlayır və onu düzgün istiqamətdə yönləndirə bilir. Ardanı əvəzləməyimin yeganə səbəbi odu ki, irəlini daha da gücləndirmək və ora hərəkətlilik qatmaq istədim. Buna görə də meydana daha diri oyunçuları buraxdım''.
Qeyd edək ki, 20 yaşlı futbolçu bu mövsüm ''Real''ın heyətində 32-ci rəsmi oyununu keçirdi. Onun aktivində 3 qol, 5 məhsuldar ötürmə var.






