''Beşiktaş'' - ''Hapoel B-Ş'' oyununun məkanı bəlli oldu

31.10.2026 15:37 45
Dünya futbolu
Avropa Liqasının əsas mərhələsində inamlı təsir bağışlayan və ilk 3 tura 7 xal toplayan ''Beşiktaş''ın 5-ci turda İsrail təmsilçisi Beer-Şeva ''Hapoel''inə qarşı ev oyununun məkanı bəlli olub. Təhlükəsizlik tədbirləri üzündən bu qarşılaşmanın neytral meydanda oynanılacağı əvvəlcədən bəlli idi.

Klubdan verilən rəsmi açıqlamada noyabrın 26-da baş tutacaq oyunun Gürcüstanda, daha dəqiq desək, ''Batumi Stadionu''nda keçiriləcəyi qeyd olunub. Özü də ''Beşiktaş'' azarkeşləri oyuna buraxılacaq. ''Hapoel'' fanatlarının oyuna buraxılıb-buraxılmayacağı barədə dəqiq məlumat yoxdu. Bilet satışı barədə klub tərəfindən daha sonra məlumat veriləcək.

Bu mövsümə Çempionlar Liqasının təsnifat mərhələsində başlayan və pley-offda təmsilçimiz ''Sabah''a uduzaraq mübarizəni AL-də davam etdirməli olan ''Hapoel''in ötən tur, oktyabrın 22-də Belçika təmsilçisi ''Yunion''a qarşı səfər oyunu (0:4) da neytral meydanda - Düsseldorfda keçirilmişdi. Özü də azarkeşsiz. Amma bəzi ölkələr təhlükəsizliyə zəmanət verdiyindən həmin ölkələrin klubları ''Hapoel''ə qarşı ev oyununu öz meydanında keçirir. Məsələn, 2-ci turda ''Alkmaar'' doğma meydanda ''Hapoel''i 2:1 hesabı ilə yendi. Elə ''Sabah'' da İsrail təmsilçisini Bakıda qəbul etmişdi.