“Zenit” üçün Kazan səfəri fiasko ilə nəticələndi. Düzdü, “Ak Bars Arena”nın ot örtüyü çox bərbad idi. Amma hər iki komanda eyni şərtlər altında oynayırdı. Artıq ilk yarım saatda 2 qol buraxan buraxan Sankt-Peterburq nəhəngi ikinci hissədə fəallaşsa da, geridönüş edə bilmədi. Maraqlıdı ki, Frank Artiqanın dönəmində ardıcıl 6 tur qələbəyə həsrət qalan Kazan təmsilçisi müvəqqəti məşqçi Oleq Kuzminin başçılığı altında ardıcıl 3-cü turu qələbə ilə başı vurdu!
“Zenit”ə qarşı 8 oyunluq qələbəsiz seriyaya son qoyan “Rubin” evdə isə güclü rəqibini 2021-dən bəri ilk dəfə məğlub etdi. “Zenit”ə gəlincə, komanda ilk dövrəni 4 məğlubiyyət və 18 buraxılan qolla tamamladı. Hər iki göstərici Sergey Semak dönəminin antirekordudu! Maraq üçün bildirək ki, son çempion ötən mövsüm cəmi 2 dəfə uduzmuşdu. Bu görüşün təcrübəli hakimi Sergey Karasyov premyer-liqada yubiley - 300-cü oyununu idarə etdi. O, bu göstəricidə yalnız Vladislav Bezborodovdan (306) geri qalır. ÇSKA-nın sanki ilin sonuna yaxın barıtı tükənib. “Hərbçilər” evdə sürpriz şəkildə “Axmat”a boyun əydilər. İlk 10 turda uduzmayan bu komanda son 5 turda 3-cü dəfə məğlub oldu və ilk dövrəni yalnız 5-ci pillədə tamamladı.
Turun mərkəzi oyununda Moskva “Dinamo”su ilə “Krasnodar” heç-heçə etdi. Paytaxt təmsilçisinin erkən qol buraxdığını, üstəlik 44-cü dəqiqədən etibarən azlıqda oynadığını nəzərə alsaq, 1 xalı komandanın hesabına yazmaq olar. Özü də bu xal sayəsində “Dinamo” ilk dövərni vahid lider kimi tamamladı. Maraq üçün bildirək ki, Rusiya çempionatının “payız-yaz” sistemi ilə keçirildiyi 2012/13-dən bəri ilk dövrənin qalibi (10/14) 71 faiz çempion olur! “Spartak” Mahaçqaladan qələbə ilə dönsəydi, xal hesabında “Dinamo”ya çatacaqdı. Amma demək olar, bütün oyunu hesabda öndə olan Moskva nəhəngi son anlarda şanssız şəkildə qələbəni əldən verdi.
Tarixinin ən zəif mövsümünü keçirən, tura düşmə zonasında daxil olan və Mixail Qalaktionovla qalmaqallı şəkildə yollarını ayıraraq Sergey Ovçinnikovu baş məşqçi postuna gətirən “Lokomotiv”, nəhayət, fanatlarını sevindirdi. Paytaxt təmsilçisi səfərdə debütant “Rodina”nı minimal hesabla yendi. Maraqlıdı ki, “Loko” bu mövsüm hər 3 qələbəsini rəqib meydanlarında əldə edib.
15-ci tur
Rubin – Zenit 3:1
Babayev, 27. Vuyaçiç, 30. Hoca, 67 – Luis Enrike, 50.
Zenit: Moskviçev, Mantuan (Con, 70), Nino, Diveyev (Veqa, 46), Alip, Barrios (Vendel, 69), Karpukas (A.Musayev, 81), Qluşenkov, Pedro Enrike, Luis Enrike, Sobolev (F.Auqusto, 77).
Dinamo M – Krasnodar 1:1
Qladışev, 27 – Kordoba, 11.
Krasnodar: Aqkatsev, Vaxaniya, Jubal (Paltsev, 64), Rodriges, Olasa, Çernikov (Utkin, 60), D.Auqusto (Lenini, 34), Kristian, Batçi, Vorobyev (Ozdoyev, 60), Kordoba.
Dinamo Mh – Spartak 1:1
Lesovoy, 89 – Zobnin, 14.
Spartak: Pomazun, Zobnin (Denisov, 57), Vu, Babiç, Parada, Umyarov, Litvinov, Solari (Prutsev, 81), Fernandeş, Markinyos (Martins, 81), Daku (Uqalde, 57).
ÇSKA – Axmat 1:2
Karmo, 69 – Sadulayev, 52. Melkadze, 63.
ÇSKA: Borisko, Azzi, Viktor, Danilov, Abdulkadırov, Kruqovoy (Musayev, 67), Oblyakov, Kislyak, M.Alves (Oleynikov, 61), Qlebov (Karmo, 67), Qondu.
Rodina – Lokomotiv 0:1
Mostovoy, 8.
Lokomotiv: Mitryuşkin, Silyanov, Morozov, Montes, Fasson, Babkin, Titkov (Şetinin, 88), Pinyayev (Bakayev, 55), Rudenko (Rakov, 90), Mostovoy, Komliçenko.
Rostov – Krılya Sovetov 3:0
Olusequn, 14. Süleymanov, 60. Şantali, 90+4.
Orenburq – Baltika 0:2
Xotulev, 13-öz qapısına. Qolenkov, 65.
Akron – Fakel 0:2
Turişev, 43. Pusi, 45+1.
1. Dinamo M 15 10 2 3 24-14 32
2. Zenit 15 10 1 4 33-18 31
3. Spartak 15 9 3 3 28-12 30
4. Krasnodar 15 7 6 2 26-19 27
5. ÇSKA 15 7 5 3 24-18 26
6. Rostov 15 6 4 5 21-19 22
7. Rubin 15 5 6 4 17-19 21
8. Baltika 15 5 5 5 19-15 20
9. Krılya Sovetov 15 4 6 5 19-23 18
10. Orenburq 15 3 8 4 14-16 17
11. Axmat 15 4 5 6 18-20 17
12. Dinamo Mh 15 5 2 8 18-27 17
13. Lokomotiv 15 3 5 7 17-21 14
14. Rodina 15 3 3 9 15-30 12
15. Akron 15 2 6 7 17-27 12
16. Fakel 15 2 3 10 11-23 9
Bombardirlər: Qluşenkov, Sobolev (hər ikisi “Zenit”) – 10.
Növbəti turun oyunları noyabrın 28-30-u aralığında keçiriləcək: ÇSKA – Zenit, Rostov – Krasnodar, Fakel – Spartak, Lokomotiv – Dinamo Mh, Krılya Sovetov – Dinamo M, Baltika – Axmat, Rubin – Akron, Orenburq – Rodina.
Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:
“Bizə yaraşmayan səhvlərə yol verdik. Həm rəqibə penalti bağışladıq, həm də autdan sonra sadə bir qol buraxdıq. Bu cür meydanda 0:2-dən sonra geri dönmək çətin olur. Hərçənd yenə də fürsətlərimiz var idi. Hətta deyərdim ki, əla şansları boşa verdik. Pedro Enrike ilə Qluşenkov qapıçı ilə təkbətəkdən yararlana bilmədi. 3-cü buraxdığımız qoldan sonra oyun bitdi. Təəssüf ki, sonradan meydana çıxanlar da oyunumuzu gücləndirmədi. “Rubin”in standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Amma yenə də diqqətsizliyə yol vermək bizə baha başa gəldi. Futbol səhvlər oyunudu. Bu gün bu səhvlərə yol verən biz olduq. Məşqçi dəyişikliyi də “Rubin”in xeyrinə işləyib”.
Xuan Karlos Karsedo, “Spartak”ın baş məşqçisi:
“Bilirdik ki, ikinci qolu vurmasaq, problem yaşayacağıq. Fasilədə də bu haqda söhbətimiz oldu. Şanslarımız olsa da, dəyərləndirə bilmədik. Belə olduqda rəqib də həvəslənir. Mahaçqalıların evdə necə inamlı təsir bağışladığını hər kəs bilir. Ötən mövsüm də burda qalib gələ bilməmişdik. Bu çempionatda asan oyun yoxdu. Bugünkü oyun bir daha bunu sübut etdi. Qızıla bərabər xallar itirdik. Elə digər liderlər də büdrədilər. Bununla belə, ilk dövrənin bizim üçün qənaətbəxş keçdiyini düşünürəm. 3-cü pillədəyik və iddiamız davam edir”.




