UEFA-dan ''Qalatasaray''a xəbərdarlıq - Netanyahu klubdan şikayət edibmiş!

24.11.2026 20:56
Dünya futbolu
''Qalatasaray''ın Çempionlar Liqasında ''Aston Villa''ya qarşı keçirəcəyi oyundan öncə təhlükəsizlik məsələləri ilə bağlı baş tutan toplantıda maraqlı bir məqam gündəmə gəlib.

Türkiyə mənbələrinin yazdığına inansaq, UEFA Fələstinə dəstək pankartları ilə bağlı ''Qalatasaray''a xəbərdarlıq edib. İstanbul nəhənginin əvvəlki bəzi ev matçlarında fanatların tribunalarda Fələstinə dəstək pankartları açması diqqət çəkmişdi. Ancaq məlum olub ki, UEFA Türkiyə çempionuna sonuncu dəfə xəbərdarlıq edib. ''Qalatasaray'' fanatları bu dəfə də eyni məzmunlu pankartlar açsalar UEFA kluba cəza verəcək!

Klub prezidenti Dursun Özbək bu gün ''HT Spor'' kanalına diqqətçəkən açıqlamalar verib. O, İsrailin baş naziri Benjamin Netanyahunun ''Qalatasaray''dan UEFA-ya şikayət etdiyini bildirib:

''Qulağımıza çatan məlumata görə Netanyahu höküməti fanatlarımızın Fələstin xalqına dəstək məqsədilə açdıqları pankartlar üzündən klubumuzdan UEFA-ya şikayət edib. Türk milləti olaraq tarix boyunca olduğu kimi bu gün də haqsızlığa və zülmə uğrayanların yanında olmaqda, Fələstin xalqının yaşadığı acılara səssiz qalmamaqda davam edəcəyik. Bu dəstəyi tək Türkiyədə yox, dünyanın dörd bir tərəfində görmək mümkündü. Bu da onu göstərir ki, bu, siyasi bir mövqe deyil, insani və vicdani bir mövqedi. UEFA-nın da bu həssas mövzuya eyni anlayışla yanaşaraq siyasi motivlərə əsasən edilən bu şikayətə önəm verməyəcəyinə ümid edirik''.