“AFFA-dan bizi səhv məlumatlandırdılar" – “Zəngəzur” yanlış anlamanın qurbanı olub?

24.11.2026 19:56
Ölkə futbolu / Manşet
Ölkəmizi UEFA Regionlar Kubokunda təmsil edən “Zəngəzur”un 7-ci qrupda keçirdiyi ilk oyunda Polşa “Dolnoşlyonski”sinə 0:12 hesabıyla uduzduğundan xəbərdarsız.

Bilindiyi kimi, 2-ci liqa klubu Türkiyədə təşkil olunan turnirə yollana bilməyib. Nəticədə qardaş ölkədə tələm-tələsik komanda formalaşdırılıb. İddialara görə, klubun yarışa qatılmağa pulu olmayıb.

Mövzu ilə bağlı daha ətraflı məlumat almaq üçün “Zəngəzur”un baş məşqçisi Vüsal Səfərovla əlaqə saxladıq. Mütəxəssisin “Football-plus.az”a açıqlamasından aydın oldu ki, səfərə yollana bilməmələri maliyyə ilə bağlı deyil:

“Düzü, belə xoşagəlməz hadisə məcburiyyətdən baş verdi. Belə ki, mən və başqa klub nümayəndələri oyundan əvvəl AFFA-nın inzibati binasında olduq. Orda bizə deyildi ki, futbolçularınız bu turnirdə mübarizə apara bilməz. Reqlamentə görə, yarışda yalnız peşəkar karyerası, hansısa klubla rəsmi müqaviləsi olmayan, son üç ildə Region Liqasında azı iki dəfə forma geymiş futbolçular iştirak edə bilər. Məlumdu ki, “Zəngəzur”un bütün oyunçularla müqaviləsi var. Belədə səfərə çıxa bilmədik. Mən futbolçulara məşq keçə bilmək üçün ölkədə qaldım. Klub nümayəndələri Türkiyədə azərbaycanlı bir şəxsin köməyi ilə reqlamentə uyğun olan oyunçular tapdı. Sonradan üzə çıxdı ki, bizim 1-ci və 2-ci liqa bu yarışda peşəkar liqa kimi tanınmır. Yəni futbolçularımız da turnirdə iştirak edə bilərmiş. Bunu eşidəndə çox məyus olduq. Təəssüf ki, AFFA-dan bizi səhv məlumatlandırdılar. Özü də “Dolnoşlyonski”nin üzvlərindən biri bizim klub nümayəndəsinə yaxınlaşıb və bildirib ki, son 4 oyunumuzu təhlil ediblər, ən çox bizlə oyuna hazırlaşıblar, “Zəngəzur”u əsas rəqib kimi görüblər. Onlar meydanda bizim futbolçuları görməyəndə çox təəccübləniblər. Artıq iştirak ərizəsi təsdiqləndiyi üçün dəyişiklik etmək mümkün deyil. Bu hadisəyə AFFA-dan kimin səbəb olduğunu, bizi yarışda hansı klub nümayəndəsinin təmsil etdiyini, həmçinin turnirdə komandamızın heyətində çıxış edən oyunçulara klubumuz tərəfindən pul ödənilib-ödənilməyəcəyini bilmirəm”.

Məsələ ilə bağlı Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadovun fikrini öyrənmək istəsək də, yasda olduğunu bildirib, suallarımızı cavablamadı. Bu barədə AFFA-nın də mövqeyini dərc etməyə hazırıq.
Xatırladaq ki, “Zəngəzur” Regionlar Kubokunda növbəti oyunlarını bu gün Türkiyə “İstanbul”una, noyabrın 27-də Rumıniya “The Carpathians”ına qarşı keçirəcək.

KƏNAN BAHADIR