Bəli, millimizin Vaduts səfərindən gözləntilər böyük idi. Hamı bir nəfər kimi yığmanın Lixtenşteynin meydanında böyükhesablı qələbə qazanacağını gözləyirdi.
Təbii ki, bu arzu hansısa sadəlövhlüyün nəticəsi və ya xam xəyal deyildi. Ona görə ki, bizə həm parlaq qələbə lazım idi, həm də komandalar arasında səviyyə fərqi belə düşünməyə icazə verirdi. Üstəlik, 6127 tamaşaçı tutumuna malik "Reynpark" stadionunda təxminən 1000 azarkeş olacağı əvvəlcədən bəlli idi. Burda azərbaycanlı tərəfdarların olacağını da yazmışdıq. Onlar stadiona həm Azərbaycanın, həm də Türkiyənin bayraqları ilə gəlmişdi. 44-cü dəqiqədə Vadutsda da "Şəhidlər ölməz, vətən bölünməz!" şüarı səsləndirildi.
Həmçinin azarkeşlər oyun ərzində millimizi qələbəyə, qollar vurmağa çağırdı. "Milli dəstə" bir çox hallarda olduğu kimi, bu dəfə də yığmamızı səfərdə tək qoymadı. Baş məşqçilər də azarkeşlər qədər həyəcanlı, istəkli göründü. Həm Konrad Fünşftük, həm də Ayxan Abbasov oyun ərzində texniki zonadan müxtəlif jestlərlə komandalarına tapşırıqlar verdi. Düzdü, meydan sahiblərinin çalışdırıcısı sonda məyus oldu. Lakin Ayxan bəy istər Mahir Emrelinin qol vurduğu, istərsə də qələbənin rəsmiləşdiyi anda sevincini komandası ilə bölüşdü. Ümumiyyətlə, matçın sonunda bizimkilərin bayram əhval-ruhiyyəsində olduğunu gördük. Hədəfə çatan - mərhələni qrup qalibi kimi başa vuran millimiz meydanda bayram keçirdi. Görüşdülər, qucaqlaşdılar, qələbəni azarkeşlərlə birgə qeyd etdilər.
Aleksey İsayev tərəfdarlardan birinə xüsusi sevinc bəxş etdi. O, köynəyini əlində tutduğu pankartda "Aleksey, xahiş edirəm formanı mənə ver" deyən xanıma bağışladı. Ən əsası, Vadutsu qələbə ilə tərk etdi.
KƏNAN BAHADIR
Qələbəlik... Aleysey İsayevin sevindirdiyi xanım...
Ölkə futbolu





