"Lixtenşteyn Azərbaycana yenə sürpriz etmək istəyir" - Fünfştükün Ayxan Abbasovla bağlı planı üzə çıxdı

13.11.2026 20:58 0
Ölkə futbolu / Manşet
Yığmamız bu gün Millətlər Liqasının D liqasında ilin son oyununu keçirəcək - Vadutsda Lixtenşteynin qonağı olacaq. Bilindiyi kimi, qrup mərhələsini lider kimi başa vurmaq niyyətində olan komandamız qələbədən başqa nəticə tanımamalıdı. "Cırtdan"la Bakıda keçirilən oyunda qeydə alınan qolsuz "sülh"ü isə hələ unutmamışıq.

"Football-plus.az" xəbər verir ki, Lixtenşteynin "Lie 24" nəşri komandalarının Azərbaycana növbəti dəfə sürpriz etmək istədiyini yazıb:

"Əlbəttə, rəqib Vadutsda ilk matçda itirilən xalların intiqamını almağa çalışacaq. Ancaq Lixtenşteyn Bakıda göstərdiyi performans sayəsində güclü komandalara asanlıqla təslim olmadığını sübut edib. Bunun üçün millimiz cəsur oynamalı, qol fürsətləri yaratmalıdı. Baş məşqçi Konrad Fünfştük də belə düşünür. Mütəxəssis oyunöncəsi mətbuat konfransında, sadəcə, müdafiə olunmaq yox, həm də təhlükəli hücumlar etmək barədə planlar qurduğunu dedi. Təbii ki, Lixtenşteyn yenə heyətlə bağlı problem içindədi. Bu səbəbdən millini asan oyun gözləmir. Ancaq Fünfştük belə bəhanələrin arxasına sığınmaq istəmədiklərini deməklə matçdan əvvəl "ağ bayraq qaldırmır". Lixtenşteyn son 4 oyunda cəmi 6 qol buraxıb. Bəlkə də xoşagəlməz statistikadı. Amma əvvəlki matçlarla müqayisədə bunu inkişaf kimi qiymətləndirməliyik. Gənclər təcrübə qazanır, futbolçular bir-birinə uyğunlaşır. Bəlkə də yığmamız Azərbaycandan daha bir xal ala biləcək".

Xatırladaq ki, "Reynpark" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.

KƏNAN BAHADIR