Qrup qalibi olmaq maksimum yox, minimum hədəf olmalıydı! – həsrətlə boylandığımız AÇ şansı əldən çıxdı...

18.11.2026 16:05 0
Ölkə futbolu / Manşet
Məlum olduğu kimi, millimiz Millətlər Liqasının D liqasının 2-ci qrupunda mübarizəni lider kimi başa vurdu. Yığma 4 matçda nə Litvaya, nə də Lixtenşteynə uduzdu.

Ümumiyyətlə, son görüşlərdə komandamızla bağlı ürəkaçan statistika var. Ayxan Abbasovun komandası son 7 matçda uduzmayıb. İş ondadı ki, həmin görüşlərdə rəqiblər San Marino (2:1), Tacikistan (1:0), Litva (1:1, 1:0), Lixtenşteyn (0:0, 1:0) və Andorra (3:1) olub. Düzdü, statistika həm də millimizin məhsuldarlığının aşağı olduğunu göstərir. Üstəlik, rəqiblərin bizimkilərlə müqayisədə nə dərəcədə zəif-güclü olduğunu müzakirəyə çıxarmaq da bizə nəsə qazandırmayacaq. Odu ki, parlaq gələcək ümidi üçün stəkanın dolu tərəfindən baxmalıyıq. Burdakı əsas məsələ isə yolun başlanğıcında müəyyənləşdirilən hədəfdi. Bizə elə gəlir ki, bu mövzuda səhvə yol verilib. Niyə?

Bilirik ki, milli D liqasının qalibi olsa, AÇ-2028-ə qatılmaq uğrunda pley-off matçında gücünü sınamaq şansı qazanacaqdı. Bu səbəbdən yığma qrup yox, liqa qalibi olmaq üçün tər tökməli idi. Əlbəttə, millinin buna cəhd etmədiyini düşünmür, komandanın Azərbaycan adını uca tutmaq üçün əlindən gələni əsirgəmədiyinə şübhə etmirik. Sadəcə, bu məqam rəhbərlik səviyyəsində tənzimlənməli, əvvəl baş məşqçi Ayxan Abbasovun, ardından daha “yuxarılar”ın dili ilə ictimaiyyətə çatdırılmalı idi. Lakin millinin qarşısına qrup qalibi olmaq tələbi qoyuldu. Halbuki bu, minimum tələb olmalıydı.

Bu arada D liqasının qalibi olmaq üçün cəmi bir qol çatmadı. Adam xüsusən Lixtenşteynlə oyunlarda boşa verilən fürsətləri düşünəndə dəhşətə gəlir. Bəli, deyək ki, qismət deyilmiş. Amma söhbət Avropa çempionatı şansından gedirsə, media nümayəndələrinin önünə çıxanlar lap əvvəldən daha cəsarətli açıqlamalar verə, liqa qalibi olmaq uğrunda döyüşəcəklərini deyə, alınmadıqda “əsas odu ki, istədik, mübarizə apardıq” ifadələləri ilə daha iddialı imic formalaşdıra bilərdilər.

Görünür, bu gün vəziyyətlə barışmaq, bununla məusliyyətdən qurtulmaq daha asandı və təəssüf ki, başbilənlər məhz bu yolla irəliləmək niyyətində olduqlarını gizlətmirlər.

KƏNAN BAHADIR