Yığmamız Millətlər Liqasının D liqasının 2-ci qrupunu lider kimi başa vurdu. İlk baxışdan uğurlu nəticədi. Dörd oyunda iki qələbə, iki heç-heçə, məğlubiyyətsiz tamamlanan qrup mərhələsi və 8 xal. Millimiz qrupun qalibi olsa da, əsas hədəfə çatmaq baxımından əlverişli fürsəti əldən verdi. D liqasında 1-ci qrupun qalibi Malta da eyni – 8 xalı topladı. Hər iki komandanın top fərqi +2 olsa da, rəqib vurulan qolların sayında bizi üstələdi. Malta dörd görüşdə 5, Azərbaycan isə cəmi 3 dəfə fərqləndi. Eyni xalı topladığımız rəqibdən geri qaldıq.
Bəs bu uğursuzluğun səbəbi nədi? Həqiqətənmi Malta bizdən güclü komanda idi? Yoxsa Azərbaycan yığması öz əliylə Avropa çempionatına aparan əlavə şansı itirdi?
Cavabı tapmaq üçün geriyə, sentyabrın 27-nə qayıtmaq lazımdı. Millimiz D liqasında mübarizəyə Litva səfərində başladı. Oyun 1:1 hesabıyla başa çatdı. Kaunasda qazanılan bir xal ilk baxışdan faciə sayılmaya bilərdi. Axı Litva qrupda əsas rəqibimiz sayılırdı. Lakin belə qısa turnirdə hər xalın, hətta hər qolun əhəmiyyət daşıdığı unudulmamalıydı.
Əsl faciə isə oktyabrın 1-də yaşandı. Azərbaycan millisi doğma meydanda Lixtenşteyni qəbul etdi. Avropa futbolunun ən zəif təmsilçilərindən biri olan rəqibə qarşı azarkeşlər yalnız qələbə yox, həm də çoxsaylı qollar gözləyirdi. Lakin 90 dəqiqənin sonunda hesab açılmadı – 0:0. Nə qələbə qazandıq, nə də rəqib qapısına yol tapa bildik.
Məhz həmin axşam millimiz yalnız iki xal itirmədi. Həm də gələcəkdə həlledici əhəmiyyət daşıyacaq qol ehtiyatını artırmaq imkanını boşa verdi. Lixtenşteyn kimi rəqiblə evdə heç-heçə etmək onsuz da qəbuledilməz nəticədi. Amma turnirin sonunda məlum oldu ki, bu nəticənin bədəli təsəvvür etdiyimizdən də ağırdı.
Düzdü, rəqibin müdafiədə sıx oynadığını, boş sahələr vermədiyini söyləmək olar. Ancaq bu, yığmanın hücumdakı problemlərinə bəraət qazandırmır. Azərbaycan yığması D liqasının autsayderinin müdafiəsini yara bilmirsə, daha güclü rəqiblərlə görüşlərdə nəyə ümid etməliyik?! Topa sahib olmaq, hücum qurmaq və meydanın rəqibə aid hissəsində uzun müddət vaxt keçirmək nəticə vermirsə, bütün bunların statistik göstəricidən başqa nə əhəmiyyəti qalır? Futbolda üstünlük tablodakı rəqəmlərlə ölçülür.
Sonrakı görüşlərdə də vəziyyət köklü şəkildə dəyişmədi. Oktyabrın 4-də Litvanı 1:0 hesabıyla məğlub edən millimiz noyabrın 13-də Lixtenşteyn səfərindən də eyni nəticəylə döndü. Dörd oyunun üçündə cəmi bir qol vura bildik, birində, ümumiyyətlə, fərqlənmədik.
Xüsusilə Lixtenşteynlə son görüş hücum xəttinin vəziyyətini açıq şəkildə göstərdi. Azərbaycan millisi rəqib qapısına 29 zərbə vursa da, yalnız birini qola çevirə bildi. Belə zəif rəqibə qarşı bu qədər imkandan yararlanmayıb, minimalhesablı qələbə qazanmaqla kifayətlənmək ciddi suallar doğurur. Hətta qarşılaşmanın sonlarında hesabı qorumağa çalışaraq vaxt uzatmağımız da diqqətdən yayınmadı. Bir vaxtlar daha güclü rəqiblər qarşısında vaxt uzadan komandamız indi eyni addımı Lixtenşteynə qarşı atırdı.
Bütün bunların fonunda Maltanın nəticələrinə nəzər salmaq kifayətdi. Rəqibimiz Andorranı səfərdə 2:1, evdə 1:0 hesabıyla məğlub etdi, Cəbəllütariqlə hər iki görüşdə 1:1 oynadı. Malta da dörd oyunda iki qələbə, iki heç-heçə qazandı. Amma vacib məqam odu ki, rəqibimiz qol vurmaq baxımından daha məhsuldar çıxış etdi. Azərbaycanla eyni top fərqinə malik olan Malta iki qol artıq vurmaqla üstünlük qazandı.
Burda söhbət Maltanın güclü olmasından yox, əksinə, Azərbaycan millisinin nə qədər əlverişli imkanı qaçırmasından gedir. Rəqibimiz Andorra və Cəbəllütariqə qarşı beş dəfə fərqlənə bildiyi halda, biz Litva və Lixtenşteynin qapısına cəmi üç qol vurduq. Üstəlik, Lixtenşteyn turniri bir xalla başa vurdu və həmin yeganə xalı məhz Azərbaycandan aldı. Bu fakt özü çox şeyi izah edir. Qrupun digər iştirakçısı Litva Lixtenşteyni həm evdə, həm də səfərdə məğlub etməyi bacardı. Biz isə yalnız ikinci cəhddə rəqibə qalib gəldik. Belə vəziyyətdə hücum xəttindəki məhsuldarlığın aşağı olmasını təsadüflə əlaqələndirmək çətindi.
Əlbəttə, komandanın qrup lideri olması müsbət nəticədi. Ancaq D liqasında 1-ci yeri tutmağı böyük uğur kimi təqdim etmək də doğru olmaz. Azərbaycan futbolunun mövcud vəziyyəti onsuz da azarkeşləri məyus edir. Bir vaxtlar daha yüksək liqalarda mübarizə aparan millimizin indi Avropanın ən zəif komandaları arasında liderlik uğrunda yarışması özü ayrıca müzakirə mövzusudu. Belə şəraitdə Lixtenşteyn üzərində minimalhesablı qələbəyə sevinmək yox, niyə daha artığını bacarmadığımızı araşdırmaq lazımdı.
Bu uğursuzluqda məsuliyyət yalnız qol imkanlarından yararlana bilməyən futbolçuların üzərinə düşmür. Məşqçilər korpusunun hücum planı, qapalı müdafiəyə qarşı taktiki həlləri və oyun ərzində verdiyi qərarlar da sorğulanmalıdı. Dörd görüşdə cəmi üç qol vuran komandanın hücumun təşkilində ciddi çatışmazlıqların olduğu açıq görünür. Bu problemlər Litva və Lixtenşteyn ilə görüşlərdə aradan qaldırılmırsa, daha güclü rəqiblərə qarşı vəziyyətin necə olacağını təsəvvür etmək belə mümkünsüzdü.
Millimiz böyük fürsəti əldən verdi. Avropa çempionatına aparan əlavə şans uğrunda mübarizədə bizdən daha güclü rəqiblə qarşılaşmağa ehtiyac yox idi. Sadəcə, Lixtenşteyni evdə məğlub etmək kifayət edəcəkdi ki, qrup mərhələsini 10 xalla başa vuraq və Maltanı xal hesabında üstələyək. Hətta həmin oyunda vurulacaq bir qol belə yekun mənzərəni dəyişə bilərdi.
İndi isə əlimizdə yalnız yüngül təsəlli qalıb – D liqasında 2-ci qrupun qalibiyik…
İSRAYIL XEYRULLAYEV
Məğlub olmadan uduzduq… - AÇ arzusu Lixtenşteynlə heç-heçədə bitmişdi
Ölkə futbolu / Manşet





