Türkiyənin Millətlər Liqasındakı aqibəti bəlli oldu.
Məlum olduğu kimi qardaş ölkənin komandası bu turnirin cari mövsümündə ilk dəfə A liqasında mübarizə apardı. Amma ən güclü komandaların yer aldığı bu liqa ''ay-ulduzlular'' üçün ağır gəldi və komanda 6 matçın hamısında uduzaraq qrupu xalsız tamamladı.
Maraqlıdı ki, buna baxmayaraq Türkiyənin dünənə qədər pley-off şansı davam edirdi. Bu mövsümdən ML-də qaydalar bir qədər dəyişib. A liqasının ən zəif 4 komandasından 2-si B liqasına yuvarlanırsa, digər 2-si A liqasında qalmaq üçün pley-off matçlarında oynamağa haqq qazanır. Türkiyə qrupu - 11 top fərqi (4-15) ilə tamamladı. A liqasında qrup sonuncuları arasında ən zəif kollektiv Çexiya oldu. Türkiyə kimi qrupu xalsız tamamlayan çexlərin də top fərqi - 11 oldu (3-14), amma onlar qol sayında Türkiyədən geri qaldılar.
Türkiyə pley-off üçün Çexiyadan başqa Serbiyanı da üstələməli idi. Serbiya da öz qrupunu xalsız tamamladı. Son turdan öncə serblərin top fərqi - 7 idi (4-11). Yəni Yunanıstana 0:4 uduzacağı təqdirdə Türkiyə ilə Serbiyanın həm qol sayı, həm də top fərqi eyni olacaqdı. Belədə FİFA-nın reytinqində öndə olan komanda, yəni Türkiyə pley-offa vəsiqə qazanacaqdı. Amma Serbiya Yunanıstan səfərində yalnız minimal hesabla məğlub oldu. Bununla da ''ay-ulduzlular''ın ''kitabı bağlandı''.
Türkiyə ilə Çexiya B liqasına yuvarlandısa, Serbiya ilə Uels A liqasında qalmaq uğrunda pley-offda iştirak etməyə haqq qazandı. İndi Türkiyə üçün növbəti hədəf AÇ-2028-in seçmə mərhələsidi. Qardaş ölkə dekabrın 6-da baş tutacaq püşkatmaya 2-ci torbada qatılacaq.
Türkiyə B liqasına düşməkdən qurtula bilmədi
Dünya futbolu





