“Kaşkilya komandanı elitada saxladığına görə ona şans verilməliydi” – “Küdrü qartalları”nın rəhbəri

14.10.2026 22:51 72
Ölkə futbolu / Manşet
Ötən mövsüm Jorj Kaşkilyanın çalışdırdığı “İmişli” özünəməxsus oyunu ilə çoxlarının rəğbətini qazanmışdı. Amma Aran təmsilçisinin rəhbərliyi mövsüm bitən kimi portuqaliyalı mütəxəssislərlə yolları ayırdı, yenidən Fərid Namazovla anlaşdı. “İmişli” yeni mövsümün ilk 7 turunda cəmi 4 xal toplayandan sonra Namazov da istefaya göndərilib. Artıq baş məşqçinin səlahiyyətləri müvəqqəti Ervins Perkonsa tapşırılıb.

Bəs “İmişli”nin fanklubu “Küdrü qartalları”nın bu qərara münasibəti necədi? Ötən mövsüm komandanı elitada saxlayan portuqaliyalı mütəxəssislə yola davam etmək daha doğru olmazdımı?

“Football-plus.az bu suallara cavab tapmaq üçün fanklubun rəhbərlərindən Əli Əliyevlə əlaqə saxlayıb:

“7-ci turda baş məşqçini göndərməklə bağlı daxildə baş verən hadisələrdən xəbərdar olmadan danışmaq doğru olmaz. Kaşkilya komandanı elitada saxladığına görə ona şans verilməliydi. Klub rəhbərliyi nə etdiyini, yəqin ki, bizdən yaxşı bilir. Fərid Namazov yaxşı insan idi. Hücum oyununa üstünlük verirdi. Biz ondan razı idik. Təbii ki, onun qalmağını istəyərdik. Mütəxəssisə ən azı qışa qədər vaxt verilməli idi. 7-ci turdan sonra göndərilməsi, məncə, doğru deyil”.

İSRAYIL XEYRULLAYEV