''Fənərbaxça'' türkiyəli ulduza nə qədər maaş təklif edib?

15.11.2026 21:26 0
Dünya futbolu
Türkiyə yığmasının kapitanı və ''İnter''in ulduz yarımmüdafiəçi Hakan Çalhanoğlunun gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

Milan nəhəngi və təcrübəli yarımmüdafiəçi yeni müqavilə ilə bağlı heç cür anlaşa bilmir.

Müqavilənin müddəti isə mövsümün sonunda başa çatır. Hazırda illik 6,5 milyon avro qazanan Hakan ən azı 6 milyon avro və ikiillik müqavilə tələb edir. ''İnter'' rəhbərliyi isə onun yaşını və zədəyəmeyilli olmasını nəzərə alaraq maaşını əhəmiyyətli dərəcədə azaltmaq, eləcə də yalnız birillik müddətə anlaşmaq istəyir. Dekabrın sonuna qədər anlaşma əldə olunmasa ''İnter'' 32 yaşlı futbolçunu buraxmağa razı olacaq.

Bu arada qış transfer dönəmi üçün indidən ciddi hazırlığa başlayan ''Fənərbaxça''nın Hakan üçün belə desək, pusquda dayandığı məlum olub. Türkiyə mənbələrinin yazdığına inansaq, ''Fənər'' Çalhanoğluya 2,5 illik müqavilə və illik 11 milyon avro (!) avro maaş təklif edib. Tanınmış futbolçunun bu təklifə müsbət yanaşdığı bildirilir. ''Sarı-lacivərdlilər'' futbolçu ilə anlaşdıqdan sonra ''İnter'' ilə danışıqlara başlamaq və qarşı tərəfə cüzi məbləğ təklif etmək niyyətindədi.

Hakana ''Yuventus'' və ''Komo''nun da marağı var. Amma daha öncə ''Milan''da da forma geymiş bu futbolçunun artıq ''İnter''dən başqa İtaliyada heç bir klubda oynamaq istəmədiyi bildirilir. ''Yuve'' ona ikiillik müqavilə və 6 milyon avro maaş verməyə hazırdı. Digər tərəfdən ''Fənərbaxça'' Hakana həm də kapitan sarğısını təklif edib. O, bu kluba keçəcəyi təqdirdə Milan Şkrinyardan sonra ikinci kapitan olacaq.

Hakan bu mövsüm A seriyasında 9, Çempionlar Liqasında 4 oyun olmaqla keçirdiyi 13 rəsmi matçda 3 qol vurub. 2021-ci ildən ''İnter''in şərəfini qoruyan türkiyəli futbolçunun dəyəri 16 milyon avro civarındadı.