AGİN Azər Əliyevin “milliləşdirilməsi” üçün dövlət qurumlarına müraciət edib

16.10.2022 20:30 648
Premyer-liqa / Manşet
Azər Əliyev bu ilin yanvarında "Neftçi"yə transfer olundu.

Ona vətəndaşlıq verilərək milli komandaya dəvət olunacağı gündəmə gəldi. Futbolçu özü də yığmada oynamaq istəyini bildirsə də, hələ də Azərbaycan pasportu ala bilməyib.

Bu məsələnin reallaşması yönündə hansı əngəllər var? Bunu aydınlaşdırmaq üçün əvvəlcə "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyevlə əlaqə saxladıq: "Klubumuz Azər Əliyevin razılığı əsasında yerli futbolçu statusuna sahib olmaq istəməsiylə bağlı həm AFFA-ya, həm də Gənclər və İdman Nazirliyinə müraciət edib və bütüm lazımi sənəndləri toplayıb göndərib. Futbolçumuz hətta vətəndaşlığın verilməsiylə bağlı nazirliyin təyin etdiyi imtahana da cəlb olunub. Azər imtahanı uğurla verib. Amma hələ ki ona Azərbaycan pasportunun verilməsi dalana dirənib. Səbəbini isə bilmirik".
"Neftçi" sözçüsünün açıqlamasından sonra məsələ ilə bağlı AFFA-nın mətbuat katibi Firuz Abdullaya müraciət etdik: "Əvvəla onu vurğulayım ki, AFFA hansısa futbolçuya nə Azərbaycan pasportu verir, nə də vətəndaşlığa alır. Biz futbolçunun və "Neftçi"nin iddiası əsasında Gənclər və İdman Nazirliyinə müraciət göndərmişik. Qalan məsələ bizlik deyil. Azərbaycan pasportunun verilməsi bir çox hüquq və sənədləşmə proseslərindən keçir. Odu ki, Azər Əliyevlə bağlı bütün məsələlər birbaşa Gənclər və İdman Nazirliyi ilə bağlıdı".


Göründüyü kimi, bütün oxlar Gənclər və İdman Nazirliyinə tuşlanıb. Bunu nəzərə alaraq qurumun mətbuat katibi Qabil Mehdiyevə müraciət etdik:
“Bu məsələ ilə bağlı müvafiq dövlət qurumlarına müraciət etmişik. Cavab gözləyirik”.


ABDULLA İSMAYILOĞLU