Türkiyə yığması Vinçentso Montellanın başçılığı altında Millətlər Liqası oyunlarına hazırlığını davam etdirir.
"Football-plus.az" xəbər verir ki, bazar ertəsi baş tutan məşqin ilk 15 dəqiqəsi mətbuata açıq keçirildi.
Məşqdə bəzi futbolçuların yer almaması diqqət çəkdi. Məlum oldu ki, ''Beşiktaş''ın kapitanı Orkun Kökçü ayaq barmağındakı ağrılar üzündən ilk məşqi buraxmalı olub. Onun durumu yığmanın tibbi personalı tərəfindən təqib edilir. Bundan başqa Yunus Akgün, Dəniz Gül və Muhammed Şengezərin də ağrıları var. Onlar da ilk məşqdə iştirak etməyiblər. Karyerasını Portuqaliyada davam etdirən Dəmir Ege Tıknaz isə Türkiyəyə gec gəldiyi üçün bazar ertəsi məşqə çıxmayıb. Qardaş ölkənin komandası hazırlıqlarını bu gün də davam etdirəcək.
Yeri gəlmişkən, zədə üzündən yığmadan kənar qalan ''Fənərbaxça''lı Mərt Müldür dünən əməliyyat olunub. Klubdan verilən açıqlamada təcrübəli futbolçunun sol diz meniskindəki yırtıq üzündən bıçaq altına yatdığı və əməliyyatın uğurlu şəkildə keçdiyi vurğulanılıb. Təcrübəli sağ müdafiəçi ən azı 2 ay meydana çıxa bilməyəcək.
Xatırladaq ki, ''ay-ulduzlular'' bu yığma ''pəncərəsində'' Millətlər Liqası çərçivəsində sentyabrın 25-də evdə Fransa, sentyabrın 28-də evdə İtaliya, oktyabrın 2-də səfərdə Belçika və oktyabrın 5-də səfərdə İtaliya ilə qarşılaşacaq.
Türkiyə yığmasının ilk məşqində kimlər iştirak etmədi? - ''Fənər''in üzvü əməliyyat olundu
Dünya futbolu






