Türkiyə yığmasının yeni baş məşqçisi Sərgən Yalçının bu gün mətbuat konfransı keçirilib.
Təcrübəli mütəxəssis həm planları və bəzi futbolçular haqda açıqlamalar verib, həm də yığmanın heyətini açıqlayıb. Maraqla gözlənilən heyətdə bir sıra diqqətçəkən detallar var.
Öncə Yalçının müəyyənləşdirdiyi 26 nəfərlik heyətə nəzər salaq: qapıçılar - Uğurcan Çakır (Qalatasaray), Berke Özər (Lill), Ərsin Destanoğlu (Əl-Cəzirə), Sərhat Öztaşdelen (Kocaelispor); müdafiəçilər - Əbdülkərim Bardakcı, Ərən Elmalı (hər ikisi ''Qalatasaray''), Əmirhan Topçu (Beşiktaş), Mustafa Eskihellaç (Trabzonspor), Fərdi Kadıoğlu (Brayton), Ozan Kabak (Hoffenhaym), Zəki Çəlik (Yuventus), Merih Dəmiral (Əl-Əhli), Ahmetcan Kaplan (Neymegen); yarımmüdafiəçilər - Orkun Kökçü, Salih Özcan, İlhan Fakılı (hamısı ''Beşiktaş''), Barış Alpər Yılmaz, Yunus Akgün (hər ikisi ''Qalatasaray''), İsmayıl Yüksək, Oğuz Aydın (hər ikisi ''Fənərbaxça''), Arda Gülər (Real), Hakan Çalhanoğlu (İnter), Can Uzun (Ayntraxt F), Aral Şimşir (Trabzonspor); hücumçular - Dəniz Gül (Qalatasaray), Enes Ünal (Xetafe).
Sərgən Yalçının əvvəlki məşqçi Vinçentso Montellanın vazkeçilməzlərindən olan Kərəm Aktürkoğlu, İrfan Can Kahveci və Samet Akaydın kimi oyunçulara dəvət göndərməməsi diqqət çəkib. Montella Kərəmdən bəzən mərkəz hücumçusu kimi də istifadə edirdi. Son vaxtlar yaxşı formada olmayan Kərəm indiyə ''ay-ulduzlular''ın heyətində 58 oyuna 15 qol vurub. Montellanın dönəmində 48 oyunun 46-da (!) yığmaya dəvət alan, arada iki oyunu yalnız zədə üzündən qaçıran Samet Akaydın 4 ildən sonra ilk dəfə zədəli olmadığı halda yığmadan kənar qaldı.
Ümumiyyətlə, Montellanın sentyabrda açıqladığı heyətdə yer alan 9 futbolçuya bu dəfə dəvət göndərilməyib. Kərəm, Samet və İrfan Candan başqa Altay Bayındır, Okan Kocuk, Adil Dəmirbağ, Bartuğ Elmaz, Dəmir Ege Tıknaz və Melih Kabasakal da kənarda qalıb. Montella ilə yola getmədiyi üçün neçə vaxtdı, kənarda qalan istedadlı qapıçı Berke Özər, eləcə də zədədən qayıtdıqdan sonra Montellanın diqqətindən kənar qalan təcrübəli Enes Ünal, karyerasını Niderlandda davam etdirən Ahmetcan Kaplan uzun fasilədən sonra ilk dəfə yığmaya çağırılıb.
Qeyd edək ki, Türkiyə Sərgən Yalçının başçılığı altında ilk oyunlarını Millətlər Liqası çərçivəsində noyabrın 12-də evdə Belçika, noyabrın 15-də səfərdə Fransaya qarşı keçirəcək.
Sərgən Yalçın yığmanın heyətini açıqladı - Montellanın sevimliləri bu dəfə kənarda qaldı
Dünya futbolu





