Türkiyə çempionatında istefaların sayı artmağa başlayıb. Son tur birdən-birə iki istefaya səbəb olub.
Əvvəlcə ''Qaziantep''də Orhan Ak dönəmi başa çatdı. Antep təmsilçisinin bu tur öz meydanında ''Kasımpaşa''ya 0:2 uduzması rəhbərliyin səbr kasasını daşırdı. Belə ki, komanda ardıcıl 6-cı turu xalsız tamamladı.
Maraqlıdı ki, ''Qaziantep'' son xalını 5-ci turda ''Fənərbaxça'' ilə ev oyununda (0:0) qazanıb. Bu komanda ilk 11 tura 8 xal toplayaraq elitada çıxış etməyə başladığı 2019-dan bu yana ən uğursuz startını reallaşdırıb. Daha bir maraqlı məqam odu ki, ''Qaziantep'' indiyə qədər superliqada baş məşqçilərin heç biri ilə müqavilənin sonuna qədər işləməyib. Bu klubda bütün məşqçilər belə desək, yarıyolda ayrılmalı olublar.
Digər istefa isə ''Alanyaspor''da baş verib. Son vaxtlar çox uğursuz çıxış edən Antalya təmsilçisində Joao Pereyra ilə qarşılıqlı şəkildə yollar ayrılıb. Başqan Hasan Çavuşoğlu portuqaliyalı mütəxəssislə görkəmli şəkildə vidalaşaraq ona xatirə hədiyyəsi verib. Son olaraq öz meydanında ''Trabzonspor''a uduzan ''Alanyaspor'' son 5 turda cəmi 1 xal toplayıb.
''Qaziantep''dən fərqli olaraq bu kollektiv dərhal yeni baş məşqçinin adını açıqladı. ''Alanyaspor'' mövsümün qalan hissəsini Uğur Uçarın başçılığı altında keçirəcək. Son olaraq ötən mövsüm ''Pendikspor''u çalışdıran 39 yaşlı məşqçi ilə ilyarımlıq müqavilə imzalanıb.
Superliqanın iki klubunda məşqçi istefası yaşanıb
Dünya futbolu





