''Qalatasaray'' fanatlarını mühüm qələbələrlə sevindirməkdə davam edir.
Son 4 rəsmi oyunda qalib gələn Türkiyə çempionu Çempionlar Liqasında öz meydanında qarşılaşdığı Almaniya təmsilçisi ''Ştutqart''ı da evə əliboş yola saldı. Son qarşılaşmalarda performansı ilə diqqət çəkən rusiyalı yarımmüdafiəçi Aleksey Batrakov bu görüşə də damğa vurdu. Məhz onun 12 və 15-ci dəqiqələrdə vurduğu qollar həlledici oldu.
2:0 üstün olan ''Cim-Bom'' Almaniya təmsilçilərinə qarşı evdəki 9 oyunluq qələbəsiz seriyaya son qoydu.
Bundan başqa ''sarı-qırmızılar'' ÇK/ÇL tarixində ilk dəfə Almaniya təmsilçisini qol buraxmadan məğlub etdi. Turnirə ardıcıl 2 məğlubiyyətlə başlayan Okan Burukun komandası sonradan vəziyyətini düzəldərək ardıcıl 2-ci qələbəsini qazandı. Buruk ÇL-də Türkiyə klubunun başında 9-cu qələbəsini qazandı və bu göstəricidə türkiyəli məşqçilər arasında yalnız Fatih Terimdən (14) geri qalır.
ÇL-də ardıcıl 3-cü oyunda fərqlənən və təbii ki, matçın ən yaxşı futbolçusu seçilən Batrakov isə bir sıra ilklərə imza atdı. Buna qədər ÇL-də həm rusiyalı, həm də ''Qalatasaray''lı futbolçular arasında ilk 15 dəqiqəyə dubl edən olmamışdı!
Ümumiyyətlə, ÇL tarixində ilk 15 dəqiqədə 21 yaşlı Batrakovdan daha gənc yaşda dubl edən yeganə futbolçu ''Real''ın heyətində bu uğuru 18 yaşda yaşayan Rodriqo olub. O, eyni zamanda ''Qalatasaray'' tarixində Burak Yılmaz və Viktor Osimhendən sonra ÇL-də ardıcıl 3 oyunda fərqlənən cəmi 3-cü futbolçu oldu. Batrakov ÇL-də 4-cü oyunda qollarının sayını 4-ə çatdırdı.
O bu turnirdə qollarının sayına görə Rusiya futbolunun əfsanəsi Andrey Arşavini indidən yaxaladı. Halbuki Arşavin 4 qolu 34 oyuna vurub. Rusiyalılar arasında ÇL-də ən məhsuldar futbolçu isə 9 qolla Artyom Dzyubadı.
Batrakov tarix yazdı, ''Qalatasaray'' evdə Almaniya sindromuna son qoydu
Dünya futbolu




