Xəbər verdiyimiz kimi, bu idman qurğusunda 1-ci liqa iştirakçıları "Xankəndi" və MOİK-in ev oyunlarını keçirməsi planlaşdırılır. Artıq "Xankəndi"nin burda ilk oyununu keçirəcəyi tarix dəqiqləşib. Peşəkar Futbol Liqasının qərarına əsasən, noyabrın 19-da 8-ci turum saat 16.00-da start götürəcək “Xankəndi” – “Karvan-Yevlax” matçı Xankəndidə olacaq. İş ondadı ki, MOİK-in bu idman qurğusundan istifadəsi qış fasiləsindən sonraya nəzərdə tutulub.
Bunun səbəbini öyrənmək üçün PFL-in texniki-idman direktoru Elgiz Abbasovla əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı:
"Bəli, noyabrın 19-da Xankəndidə yenidənqurma işlərindən sonra ilk oyun keçiriləcək. Burda ilk matçı "Xankəndi"nin oynamasını tam məntiqli sayırıq. Hər halda, komanda bu şəhərin adını daşıyır. Stadiona baxış keçirilən zaman hər iki klubun nümayəndələri bizimlə olub. Yəni bütün klublara, eləcə də "Xankəndi" və MOİK-ə yanaşmamız eynidi. MOİK də ev oyunlarını bu stadionda keçirəcək. Sadəcə, dünən təşkilati məsələlərlə bağlı sonuncu müzakirə zamanı komandaların Xankəndidə ev oyunlarını mərhələli şəkildə keçirməsini qərara aldıq. Hazırda hansısa ciddi məsələ yoxdu. MOİK rəhbərliyi qış fasiləsindən sonra ev matçlarını bu stadionda keçirəcəyini bildirib".
Xatırladaq ki, Xankəndi işğaldan azad ediləndən sonra burda ilk matç "Qarabağ"la MOİK arasında baş tutub. Ölkə kubokunun 2023/24 mövsümünün 1/8 final mərhələsində keçirilən qarşılaşma "köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
KƏNAN BAHADIR





