Futbolçu canlı yayında ''Arsenal''ın formasını yandırdı

10.11.2026 12:27 0
Dünya futbolu
Bir ara dünyanın ən istedadlı futbolçularından hesab olunan, sonradan böyük eniş yaşayan və hələ karyerasını bitirməsə də, faktiki olaraq futbolun başını buraxan Dele Alli maraqlı bir olayla gündəmə gəlib.

Futbol dünyasında ''Tottenhem''in heyətində sərgilədiyi oyunla adından söz etdirən, bir mövsüm ''Beşiktaş''da da top qovan Alli hazırda ''Tviç'' platforması üzərindən canlı yayınlar təşkil etməklə diqqət çəkir. Klubsuz və sərbəst futbolçu statusunda olan 30 yaşlı Alli tanınmış amerikalı ''yutuber'', bloqer və influenser ''ishowspeed'' ilə yayında FİFA oyununda daha güclü olduğunu iddia edərək mərcləşmişdi.

Uduzan tərəf ''Arsenal'' forması geyməli idi. Yaxın keçmişin tanınmış futbolçusu rəqibinə 2:7 və 4:7 hesabları ilə məğlub olunca əvvəlcə ''Arsenal'' formasını geymək məcburiyyətində qaldı. ''Tottenhem''li olduğu üçün əzəli rəqib ''Arsenal''a nifrət edən Alli bu klubun forması ilə şəklini paylaşaraq ''sorry Spurs fans, but a bet is a bet'' sözləri ilə ''Tottenhem'' fanatlarından üzr istədi.

Növbəti yayında isə Alli daha maraqlı bir hərəkətə imza atdı. O, həmin formanı əynindən çıxararaq canlı yayında yandırmağa başladı. ''Arsenal'' fanatlarının etirazından sonra futbolçu daha sonra formanın yanğınsöndürənlə söndürülmüş və parçalanmış vəziyyətini paylaşdı.