Artıq bir neçə gündü İspaniya ictimaiyyəti dərin hüzn içindədi. Baş verən faciəvi hadisə bu ölkənin futbol həyatını “dondurub”.
“Tenerife”nin oyunçusu Xesus de Migel 30 yaşında dünyasını dəyişib. La Liqa 2-nin 12-ci turunda “Andorra” ilə keçirilən matçın son dəqiqələrində rəqib komandanın qapıçısı Xesus Ovono ilə toqquşmada sinəsindən zərbə alan De Migel yerə yıxılıb. Futbolçunun səhhətində yaranan problemlə görə 2:2 hesabı ilə davam edən matç dayandırılıb. 30 yaşlı hücumçu xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsi ilə onu həyata qaytarmaq mümkün olsa da, Xesus noyabrın 3-də səhər saatlarında vəfat edib.
O, noyabrın 2-dən xəstəxanada ürəyindən müalicə alırdı. Bəxtsiz futbolçu “Tenerife”də 2025-ci ilin yayından çıxış edirdi. Daha əvvəl isə bir sıra yerli klublarda oynamışdı.
İspaniyada əvvəlcə noyabrın 3-nə nəzərdə tutulan Kral kuboku və qadınlar arasında İspaniya kubokunun bütün oyunları təxirə salınıb. İspaniya Kral Futbol Federasiyası daha sonra ölkədə bu qurumun bayrağı altında noyabrın 6-dək keçirilməli olan bütün matçları ertələyib. Federasiyanın məlumatında qərarın mərhum futbolçuya hörmət və həmrəylik əlaməti olaraq qəbul edildiyi bildirilib. UEFA həftəiçi avrokubok oyunlarının birdəqiqəlik sükutla başlamasına qərar verib.
İspaniya polisi isə ölüm faktı ilə bağlı təhqiqata başlayıb. Araşdırma Xesusun həm meydanda, həm də xəstəxanada aldığı tibbi yardımlarla bağlıdı. Yerli KİV-də “Andorra”nın qapıçısı Ovononun təxminən 8-12 oyunluğa diskvalifikasiya oluna biləcəyi haqda xəbərlər də yayılıb.
De Migelin faciəvi ölümü İspaniya futbolunu “dondurdu”
Dünya futbolu





