“Bu sponsoru bəlkə də rəqiblərimiz özləri göndərib ki…” - “Lənkəran”ın prezidentindən şok açıqlama

9.11.2026 19:59 0
Ölkə futbolu / Manşet
Bu mövsüm Region Liqasında mübarizəyə 72 yox, 73 komanda qoşulmalıydı. Sadəcə, “Lənkəran” son anda çəkildi və azarkeşlərini kədərləndirdi. Klub prezidenti Rəhman Abbasovun qeydiyyat müddətinin bitməsinə az qalmış hələ də sponsor tapmadığını yazmışdıq. Düzdü, cənublular son anda sponsor tapdı, hətta püşkatmaya da qatıldı. Amma “Lənkəran” gözlənilmədən oynamaq istəmədi. Görəsən, nə baş verib?

“Football-plus.az” bu suala cavab tapmaq üçün yenidən Rəhman bəylə əlaqə saxlayıb:

“Lənkəran”ı daim izlədiyizə görə təşəkkür edirəm. Azərbaycan futbolu üçün cənub bölgəsi daim önəmli mövqeyə malikdi. Mən ilk növbədə AFFA-ya təşəkkürümü bildirirəm, daim bizə dəstək veriblər. Həmçinin “Futbol+”ə xüsusi minnətdaram. Region Liqasında qeydiyyatın bitməsinə son bir neçə gün qalmış bu məsələni işıqlandırdız və biz sponsor tapa bildik. İlk vaxtlar bu şəxs bizim üçün hər şeyi edəcəyini söyləmişdi. Lakin elə şeylər təklif etdi ki… Bəzi oyunçular, idarə heyətində olanlar və baş məşqçi ilə yolları ayırmağımızı istədi. Baş məşqçimiz üç ildi burda təmənnasız fəaliyyət göstərir. İki dəfə 1/4 finala yüksəlmişik. Sponsorsuz klub üçün böyük nəticədi. Futbolçularımız indiyə kimi maaş və pul mükafatı almayıb. Onların haqsız yerə uzaqlaşdırılması düzgün deyil. Mən yol yoldaşlarımı pula görə satmaram. Bu səbəbdən sponsporu klubdan uzaqlaşdırdım. Artıq vaxtımız qalmağından liqadan çəkildik. Biz daha əvvəl də imkanlı şəxslərə və iş adamlarına müraciət etmişdik. Lakin nəticə almamışdıq. Davam etməyimiz çətin idi. Bu sponsoru bəlkə də rəqiblərimiz özləri göndərib ki, mövsümün ortasında bizi yarıda qoyaraq zərbə vursun. Lənkəranı təmsil edən yeganə klubuq ki, maliyyə dəstəyimiz olmayıb.

Bu üzücü haldan əlavə bizi sevindirən bir məqam da var. AFFA-nın dəstəyi ilə Lənkəranda 8 qız komandası mübarizəyə başlayıb. Buna görə onlara təşəkkür edirəm. Bu sevindirici haldı. Bəzən məndən belə yükün altına necə girdiyimi soruşurlar. Bir gün Lənkəran Olimpiya Kompleksinə axın edən qızları gördüm. Həftəsonları onların gimnastika ilə məşğul olmaq üçün necə maraqla bura gəldiklərini gördüm. Onlarda bu həvəsi hiss etdim. Dedim ki, futbola da maraq yaratmaq olar. AFFA vasitəsilə bunu bacardıq. Bir gün içində nəticə olması mümkün deyil. Lakin bunu bacardıq. Bundan başqa, futzal üzrə dünya çempionatının seçmə oyunu da Lənkəranda oldu. Millimizə maksimum dəstək verdik. Yeni planlarımız var. Gələn mövsümə hazırlıq görəcəyik. Ən böyük nəticəmiz bir qədər əvvəl vurğuladığımız kimi qız futboluna verdiyimiz töhfədi. Tərəfdaşlarımız olan “Bioloji Təbabət”ə və “DJEVO SPORT”a təşəkkürümüzü bildiririk. Həmçinin “Bizim Lənkəran” səhifəsinə bizi daim işıqlandırdığı üçün təşəkkür edirik

Bu yazını oxuyan hər kəs Lənkəran futbolu üçün 3 il təmənnasız hansı işlər gördüyümüzü doğru qiymətləndirəcək”.


İSRAYIL XEYRULLAYEV