Onun müəyyənləşdirdiyi 26 nəfərlik siyahıda sürprizlər gözləniləndən çox oldu. Yalçının ''Fənərbaxça''dan cəmi iki futbolçuya dəvət göndərməsi müəyyən müzakirələrə səbəb oldu. Vinçentso Montellanın dönəmində daim yığmaya dəvət alan ''Fənər''illərdən Mərt Müldür, Kərəm Aktürkoğlu və İrfan Can Kahveci bu dəfə kənarda qaldı.
Mərt Müldür yığmaya çağırılmamasına ''instaqram''da Türkiyənin heyətində bir oyun zamanı dəhlizə yollandığı şəkili paylaşmaqla münasibət bildirmişdi. İndi isə İrfan Can heyətdən kənarda qalmasına çox maraqlı bir formada etiraz etmiş oldu.
Bilindiyi kimi ''Fənər'' son turda debütant ''Çorum''u səfərdə 5:0 məğlub etdi. İrfan Can iki qolla qarşılaşmaya damğa vuran isimlərdən oldu. Onun ikinci qoldan sonrakı sevinci diqqətdən qaçmadı. Təcrübəli futbolçu əlini formasına və kənarlara sürtərək sanki nəsə axtarırmış kimi görüntü yaratdı. Dərhal yada düşən ilk isim Sərgən Yalçın oldu.
Bu mütəxəssis ''Beşiktaş''dakı ilk dönəmində bir matçın ardından stadionu tərk edərkən gödəkçənin üstündən ciblərini yoxlamışdı. Həmin vaxt sosial şəbəkələrdə Yalçının o hərəkətlə siqaretinin, alışqanının və telefonunun cibində olub-olmadığını yoxladığı iddia edilmişdi. İrfan Canın bu hərəkəti sosial şəbəkədə gündəm olduqdan sonra o, açıqlama vermək məcburiyyətində qaldı. Düzdü, təcrübəli yarımmüdafiəçi Sərgən Yalçını yamsılamadığını dedi.

Hər halda bunun belə olub-olmadığına özünüz qərar verin:
''Yaxşı formadayam. Ona görə də yığmaya çağırılmadığımı eşitdikdə təbii ki, üzüldüm. Bunu inkar etmirəm. Amma qol sevincimdə Sərgən hoca ilə bağlı heç nə etmədim. Bunun onunla heç bir əlaqəsi yoxdu. Sərgən Yalçın sevdiyim və hörmət etdiyim bir isimdi. Şəxsi tanışlığımız da var. Yanlış anlaşılmasın. Komandamız Sərgən Yalçın ilə ilk oyuna çıxacaq. İnşallah uğur qazanarlar. Milli bayraq və o forma hər şeyin üzərindədi. Həm məşqçilər korpusuna, həm də futbolçu qardaşlarıma uğurlar arzulayıram''.





