''Fənərbaxça'' Lukakuya qışa qədər vaxt verdi!

9.11.2026 15:35 36
Dünya futbolu
''Fənərbaxça''da Romelu Lukakunun gələcəyi artıq ciddi şəkildə müzakirə olunmağa başlayır.

Türkiyə mətbuatının yazdığına inansaq, rəhbərlik təcrübəli forvarda qış transfer dönəminə qədər, yəni təxminən 2 ay vaxt verib.

Belçikalı ulduz performansını və məhsuldarlığını yüksəltməsə, nəinki əsas heyətdəki yerini itirəcək, hətta klubdan göndəriləcək. ''Fənər''in 1 il öncəki transfer siyasətini nəzərə alsaq, Lukakunun qışda göndərilməsi sürpriz olmayacaq. Ötən mövsüm komanda qışda iki hücumçu - Yussef Ən-Nəsiri və Cenk Tosunla vidalaşmış, əvəzində Sediki Şerifi almışdı. Lukaku son 4 rəsmi oyunun hamısında start heyətində meydana çıxsa da, bu qarşılaşmalarda fərqlənə bilməyib.

Ümumilikdə o indiyə qədər Türkiyə karyerasında 16 rəsmi oyunda aktivinə yalnız 1 qol, 3 məhsuldar ötürmə yaza bilib. Müqayisə üçün bildirək ki, Ən-Nəsiri ötən mövsümün ilk dövrəsində 7 qol vurmuş, amma yenə də onunla yollar ayrılmışdı.

Maraqlıdı ki, ''Fənər''in digər forvardı Vedat Muriqi mövsümü daha məhsuldar keçirməsinə və artıq 9 qol vurmasına baxmayaraq start heyətində Lukaku oynayır. 33 yaşlı Lukaku performansını yüksəltməsə, ''Fənər'' onunla vidalaşaraq başqa bir tanınmış hücumçu almağa çalışacaq. Hələlik komandanın maraq göstərdiyi hücumçuların adları bəlli olmasa da, rəhbərliyin indidən bu mövzuda çalışmalara başladığı bildirilir.