“Lənkəran”ın dərdinə çarə varmı? – “mənəvi dəstək verməyə hazırıq”

12.09.2026 22:50 0
Ölkə futbolu
Region Liqasında son mövsümdə çıxış edən “Lənkəran” dağılma təhlükəsi ilə üz-üzədi. Cənub təmsilçisi maliyyə çatışmazlığından əziyyət çəkir. Sentyabrın 9-da klub prezidenti Rəhman Abasov jurnalistlərin qarşısında iş adamlarına müraciət edərək sponsor axtardığını, ayın 18-nə kimi sponsor tapılmasa, klubun fəaliyyətini dayandıracaağını söyləmişdi.

Bəs bölgədə futbolun inkişafı üçün çalışan Cənub Regional Futbol Federasiyası (CRFF) klubun durumundan xəbərdardı? Bu məsələni AFFA qarşısında qaldıra bilərmi? Hazırda Lənkəranı təmsil edən yeganə klubun yaşaması üçün çıxış yolu varmı?

“Football-plus.az” bu suallara cavab tapmaq üçün CRFF prezidenti Sakin Məmmədzadəyə müraciət edib:

“Bununla bağlı klubun prezidenti ilə görüşümüz olub. Birlikdə məsələni müzakirə etmişik. Təəssüf ki, maddi cəhətdən yardım edə bilməsək də, mənəvi olaraq daim dəstək verməyə hazırıq. Biz aidiyyatı qurumlara müraciət etmişik. Bu komanda "Xəzər Lənkəran"ın varisi kimi şəhəri təmsil edən yeganə klubdu. Komandanı yaşatmaq üçün azarkeşlər də, fanklublar da dəstək göstərməlidi. Mən mətbuatda bu gün "Xəzər Lənkəran"la bağlı Mübariz Mənsimova edilən müraciətləri hələ də görürəm. Hələ də onlar bu ideyanı dəstəkləyirlər. Bu məsələlər məndən asılı olmadığı və səlahiyyətim olmadığı üçün müdaxilə edə bilmirəm. Mən Cənub Regional Futbol Federasiyasının prezidenti olaraq, bütün ictimaiyyətə, lənkəranlılara, cənub klublarının azarkeşlərlərinə, iş adamlarına kluba dəstək olması üçün müraciət edirəm. Bu klub Lənkəranı təmsil edən tək komandadı. “Lənkəran”ın daha yüksək liqalarda olması həm bizi, həm də AFFA-nı maraqlandırır. Biz istərdik ki, bu komanda həm bizi, həm də Lənkəranı yüksək liqada təmsil etsin”.

İSRAYIL XEYRULLAYEV