Dambrauskasın aptek məsəli və inkişaf etdirmək istədiyi bağlar... – axı 10 futbolçu yoxdu

9.11.2026 17:00 27
Ölkə futbolu / Manşet
“Aptek deyil ki, dərman qəbul edəsən və ağrı keçsin. Yetərincə vaxtımız yoxdu. Vaxt olanda da səyahətə gedirik və ya bərpa ilə məşğul oluruq. İkihəftəlik fasiləmiz olacaq. Çalışacağıq ki, oyunçular arasında bağı inkişaf etdirək” – son 3 çempionat oyununda qələbəyə həsrət qalan “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas bu sözləri “Şamaxı” ilə oyundan sonra deyib. Bəli, “bayquşlar” artıq potensial lider də deyil.

Amma ikihəftəlik fasilə litvalı mütəxəssisin oyunçular arasında bağı inkişaf etdirməklə bağlı planlarına nə dərəcədə yarayacaq? Birlikdə baxaq.

“Football-plus.az” xəbər verir ki, “Sabah” fasilə müddətində əsas heyətin 10 oyunçusunun xidmətindən məhrumdu. Azərbaycan yığmasına 5 futbolçu dəvət alıb. Bunlar Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Abdulla Xaybullayev, Aleksey İsayev və Xəyal Əliyevdi. Timoteuş Puxaç Polşa, Umarali Raxmonaliyev Özbəkistan, Patrik Orfe Mbina Qabon, Coy-Lens Mikels Ruanda, Stas Pakatilov isə Qazaxıstanın millisinin düşərgəsinə yollanıb.

“Vikinq”lə oyunda zədələnərək meydanı tərk edən Velko Simiç də “Şamaxı” ilə oyun üçün heyətdə yer almayıb. Zədəsi tam sağalmadığından Dambrauskas onun da xidmətindən məhrumdu. 10 əsas futbolçu yığmalardadısa, biri də zədəlidisə, hansı bağı və necə inkişaf etdirmək olar?!

İSRAYIL XEYRULLAYEV