Növbəti dəfə Region Liqasında mübarizə aparmaq istəyən, ancaq ciddi maliyyə sıxıntısı yaşayan “Lənkəran”ın AFFA-dan sentyabrın 30-na qədər vaxt istədiyini xəbər vermişdik. Nəhayət, dünən bu məsələyə aydınlıq gəldi. Cənub təmsilçisi 2026/27 mövsümündə də Region Liqasında mübarizə aparacaq.
Bəs, klubu belə çətin durumdan kim xilas edib? Həmin şəxsin maddi dəstəyi yalnız cari problemlərin həllinə yönəlib, yoxsa əməkdaşlığın uzunmüddətli olması planlaşdırılır?
Bu suallarla “Lənkəran”ın prezidenti Rəhman Abasova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Əlbəttə, bu şəxsin kimliyi ilə bağlı ictimaiyyəti məlumatlandırmağa borcluyuq. O insanı hamı tanımalıdı. Bilməlidi ki, “Lənkəran”ın xilaskarı kimdi. Sadəcə, bunu daha təntənəli şəkildə etmək istəyirik. Bu gün üçün onu deyə bilərəm ki, həmin adam Lənkərandan olan tanınmış idmançıdı. Əməkdaşlığımızın uzunmüddətli olmasını istəyirik. Qarşı tərəf də məhz belə düşünür. Ümumiyyətlə, həmin insanla bir çox fikrimiz üst-üstə düşür. Hələ həll olunmayan bir-iki məsələ var. Lənkəranda futbolu qurmaq, yaşatmaq istəyirik. Sonda fürsətdən istifadə edib, həm “Lənkəran”ın taleyini gündəmdə saxlayan media nümayəndələrinə, həm də bizə vaxt verən AFFA-ya təşəkkür edirik. Federasiya bizə şans tanımasa, indi “Lənkəran”ın Region Liqasında çıxışı mümkünsüz olacaqdı”.
Xatırladaq ki, “Lənkəran” 2025/26 mövsümündə Region Liqasının 1/4 final mərhələsinə qədər irəliləyib. Cənub təmsilçisi “Şəfəq”lə iki oyunun nəticəsinə əsasən mübarizəni dayandırıb. Klub 2023-cü ildən fəaliyyət göstərir və Region Liqasında iki dəfə 1/4 finala yüksəlib.
KƏNAN BAHADIR
“Lənkəran”ın prezidenti klubun xilaskarından danışdı – “Lənkərandan olan tanınmış idmançıdı”
Ölkə futbolu / Manşet






