4X4-lük "Qarabağ"dan dörd oyunluq qələbə həsrətinə... - YAZI

9.11.2026 14:00 0
Yazarlar / Manşet
Misli premyer-liqasında birinci dövrəyə yekun vuruldu. "Zəfər turu" buna qədər uduzmayan yeganə komanda - "Qarabağ" üçün düşərli olmadı. Ağdamlılar uzun müddətdən sonra "Azərsun Arena"da keçirdiyi ilk matçda "Turan Tovuz"a uduzdu (0:1). Məhz bu məğlubiyyət onsuz da son üç matçda qələbə qazana bilməyən - "Neftçi" (3:3), "Sabah" və "Qəbələ" (hər ikisi 0:0) ilə heç-heçə edən "köhlən atlar"ın azarkeşlərini özündən çıxardı. Düzdü, oyun ərzində tribunalarda ciddi narazılıq müşahidə etmədik. Lakin klubun sosial şəbəkə hesablarında rəy bildirən tərəfdarlar "Qarabağ"ın yayda transfer etdiyi futbolçuların keyfiyyətinə şübhə ilə yanaşırlar, komandanın əvvəlki gücünü bərpa edə bilməyəcəyini, performansın aşağı səviyyədə olduğunu, oyun üslubunun onları qane etmədiyini dilə gətirirlər. İş o yerə çatıb kı ki, baş məşqçi Qurban Qurbanovu qınayanların, hətta onu istefaya səsləyənlərin də sayı çoxdu.
Hadisələrin axarı göstərir ki, "köhlən atlar"ın yenilənmə prosesi azarkeşləri narazı salıb. Çempionatın üçdəbirinin geridə qalmasına rəğmən, ümidverici nəticələr görməyən azarkeşlər artıq ayağa qalxmağa başlayıb. Görünür, ya komandada yavaş-yavaş müsbət əlamətlər gördüyünü deyən Qurban bəy yanılır, ya da azarkeşlər. O başqa məsələ ki, "Qarabağ" hələ çempionluq yarışındadı. Ehtiyatda daha bir oyunu olan komanda lider "Neftçi"dən 5 xal geridədi. Ən əsası, hələ ilk "dördlük"dədi. Nəzərə almalı olduğumuz daha bir məqam bizi qarşıda daha iki dövrənin gözləməsidi.
Bəs, azarkeşlər həmin vaxta kimi səbr edə biləcəkmi? İndi əsas sual, həm də kollektiv üzərində ciddi təzyiq yaradan amil məhz budu. Ona görə ki, tərəfdarlar hadisələrin axarına "gec olmasın, güc olsun" prinsipi ilə yanaşırlar. Bəs, "bu o demək deyil ki, əvvəlki "Qarabağ" yoxdu, olmayacaq" ifadələri ilə azarkeşlərə böyük ümidlər bəxş edən Qurban Qurbanov əvvəlki "Qarabağ"ı qaytara biləcəkmi? Gün keçdikcə artan narazılıqların önünə keçmək mümkün olacaqmı? Bunu öyrənmək üçün bir müddət gözləməli olacağıq.
KƏNAN BAHADIR