Yankoviç bu dəfə də Silva ilə dalaşdı - "Qarabağ" "relsdən çıxır"!

31.10.2026 19:58 180
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 10-cu turunda "Qəbələ"nin qonağı olan "Qarabağ" heç-heçə etdi - 0:0. Oyundan əvvəl yazdığımız kimi, "köhlən atlar" qalib gəlsə, lider olacaqdı. Lakin qonaqların xal itirməsi çempionluq uğrunda mübarizə aparan kollektivlərə - "Sabah", "Neftçi" və "Turan Tovuz"a sərf etdi.

İş ondadı ki, bu gün "Qarabağ" təkcə nəticə ilə bağlı problem yaşamadı. Qarşılaşma həm də futbolçuların mübahisəsi ilə yadda qaldı. Belə ki, birinci hissə başa çatdıqdan sonra Marko Yankoviç və Mateus Silva arasında gərginlik yaşandı. Yaxşı ki, komanda yoldaşlarının müdaxiləsi oyunçuların xoşagəlməz davranışlarının ciddi fəsadlara yol açmasına mane oldu. Kadi Borges, Bruna Lanqa və Şahruddin Məhəmmədəliyev Silvanı, Bəhlul Mustafazadə isə Yankoviçi sakitləşdirdi. Baş məşqçi Qurban Qurbanov fasilədə hər iki futbolçunu əvəzlədi.

Düzdü, görüntülərdən futbolçuların mübahisəyə girişməsinin səbəbini öyrənmək mümkün olmur. Ancaq hadisələrin axarı - "Qarabağ"ın qələbə həsrətinin üç oyuna çatması, yeni futbolçuların komandaya uyğunlaşmaq prosesinin həddən artıq yavaş irəliləməsi, mübahisənin mərkəzində uzun müddətdi ki, "köhlən atlar"ın şərəfini qoruyan oyunçuların olması işlərin qaydasında getmədiyinin əsas göstəricisidi.

Üstəlik, Yankoviç daha əvvəl də komanda yoldaşlarından biri ilə mübahisə yaşamışdı. Xatırladaq ki, monteneqrolu Çempionlar Liqasının 2025/26 mövsümünün liqa mərhələsinin 5-ci turunda "Napoli"yə qarşı matçda (0:2) Pedro Bikalyo ilə dalaşmışdı.

Görək, Qurban Qurbanov qısa müddətdə bu cür ciddi problemlərin öhdəsindən gələ biləcək, yoxsa hadisələrin axarı "köhlən atlar"ın çempionluq yarışından kənarda qalması ilə nəticələnəcək? Bu suala yalnız zaman cavab verəcək.

KƏNAN BAHADIR