8 kilometrlik "Marafon" bitdi - Sabirabad niyə dayandı?

9.11.2026 11:15 0
Ölkə futbolu / Manşet
2-ci liqada bu mövsüm debüt edən “Marafon” yaxşı başlamışdı. Belə ki, Sabirabad təmsilçisi ilk 8 oyunda məğlub olmamışdı, yeni tikilmiş “Marafon Arena" da komandaya əlavə güc verirdi. İlk dövrənin son oyununda sabirabadlılar lider “Qaradağ Lökbatan”ı qəbul edirdi. Bu matç ilk dövrəni lider bitirmək istəyən hər iki komanda üçün böyük əhəmiyyətə malik idi. Gərgin keçən görüş qonaqların minimalhesablı qələbəsi ilə başa çatdı. Bununla da “Marafon”un məğlubiyyətsizlik seriyası başa çatdı. Sabirabad təmsilçisi ilk pilləyə yüksəlmək şansını müvəqqəti itirdi.

Bəs bu nəticə oyunun axarına uyğun oldu? “Marafon” bu mövsüm “Qaradağ Lökbatan”ı keçə bilər? Komanda qış "transfer pəncərəsi"ndə güclənməyi düşünürmü?

“Football-plus.az” bu suallara cavab tapmaq üçün Sabirabad təmsilçisinin baş məşqçisi Ceyhun Cavadovla əlaqə saxlayıb:

“Qarşılaşmaya ciddi hazırlaşmışdıq. Oyunun ağır keçəcəyini bilirdik. Çünki rəqibimiz “Qaradağ Lökbatan” çempionluğa oynayan, iddialı komandadı. Buna görə biz də matça xüsusi önəm vermişdik. Oyun tam istədiyimiz kimi keçdi. Tapşırığımız ilk hissədə rəqibə təzyiq göstərmək və qollar vurmaq idi. Düşünürəm ki, kifayət qədər qol imkanları yaratdıq, 100 faizlik epizodlarımız oldu. Lakin həmin gün fərqlənə bilmədik, top qapıdan keçmədi. Buna baxmayaraq, komandamın oyunundan, xarakterindən və mübarizəsindən razı qaldım. Əsas məsələ futbolçuların verdiyimiz tapşırıqları yerinə yetirməsi idi. Bu baxımdan komandamın çıxışından razıyam. Əlbəttə, rəqibin qələbəsinə də kölgə salmaq istəmirəm. “Qaradağ Lökbatan” da kifayət qədər güc sərf etdi və yaxşı mübarizə apardı. Onlara gələcək oyunlarda uğurlar arzulayıram. Təbii ki, öz komandama da uğurlar diləyirəm.
Turnir cədvəlindəki 4 xallıq fərqin elə də böyük olduğunu düşünmürəm. Qarşıda bizi 18 çempionat oyunu gözləyir. Bu qarşılaşmalardan ikisi məhz “Qaradağ Lökbatan”la olacaq. Yəni bizi iki final xarakterli oyun gözləyir. Həm bizim, həm də rəqibimizin çətin matçları olacaq.
Hazırda 4 xal geridəyik, amma heç nədən ümidimizi üzmürük. Bu fərqi aradan qaldırmağa məcburuq və inanıram ki, buna nail olacağıq. Qarşıda hələ çox oyun var. Komandama inanıram. Futbolçularımızda lazımi istək və xarakter var. İnanıram ki, çempionatın sonunda sevinən tərəf biz olacağıq.
"Transfer pəncərəsi"nə gəlincə, heyətimizi gücləndirməyi düşünürük. Hazırda bununla bağlı danışıqlar da aparılır. Hələlik ad çəkmək istəmirəm. Qarşıda 7 tur var. "Transfer pəncərəsi" açılan kimi zəif nöqtələrimizi gücləndirməyə çalışacağıq”.

İSRAYIL XEYRULLAYEV