Batrakovun menecerindən 55 milyonluq satış məbləği ilə bağlı yeni açıqlama

9.11.2026 13:26 0
Dünya futbolu
''Qalatasaray''da bu aralar iki gündəm mövzusu var. Biri ''Rams Park''ın bərbad ot örtüyü üzündən ulduzların zədələnməsi, digəri isə Aleksey Batrakovun mükəmməl performansı.

Rusiyalı futbolçu son olaraq ''Amed SF''yə də qol vurdu. 13 rəsmi oyunda onun aktivində 6 qol, 4 məhsuldar ötürmə var. 21 yaşlı futbolçunun müqaviləsində 55 milyon avroluq satış maddəsi onun vurduğu hər qoldan sonra gündəmə gəlir.

Batrakov cəmi 2-3 aydı, Türkiyədədi. Amma camiənin fikrincə, onu bundan daha yüksək qiymətə satmaq olar. Ona görə də hər kəs satış məbləğinin ləğv olunmasını və ya yüksəldilməsini istəyir. Bunun üçün isə Batrakova yeni və daha sərfəli müqavilə şərtləri təklif olunmalıdı.

Bu arada Batrakovun meneceri Sergey Kuzmiçev ilk dəfə bu mövzuda açıqlamalar verib. O, ''qışda ''Qalatasaray''ın Alekseyə yeni müqavilə təklif edib satış məbləğini artırmaq ehtimalı varmı'' sualına belə cavab verib:

''İstanbula yenidən səyahət planımı hazırlamışam. Qarşıdakı iki həftə ərzində Alekseyi ziyarət edəcəm və orda rəhbərliklə bir görüşüm planlaşdırılıb. Düzdü, hələ ki, bu mövzuda konkret müzakirələr olmayıb. Ancaq İstanbulda rəhbərliklə toplantım olacaq. Ola bilər ki, bu mövzu həmin toplantıda müzakirə olunsun''.