''Qızıl top''un sahibi çalışdırmaq istədiyi komandanı açıqladı

7.11.2026 22:04 0
Dünya futbolu
İtaliya futbolunun əfsanəvi isimlərindən olan, 2025-dən bu yana Özbəkistan yığmasını çalışdıran Fabio Kannavaro sabiq klubu ''Yuventus'', eləcə də İtaliya yığması ilə bağlı açıqlamalar verib.

''Qızıl top''u qazanmış sonuncu müdafiəçi statusunda olan 53 yaşlı mütəxəssis ''Yuve''nin tez-tez məşqçi dəyişdirməsinin düzgün olmadığını bildirərək bir gün ''Skuadra adzurra''nın başına keçmək istədiyini gizlətməyib:

''Yuventus'' son illərdə çox tez-tez məşqçi və idman direktorlarını dəyişdirib. Durumun çətin olduğunu anlayıram. Amma bir insana güvənib bu vəzifəyə gətirirsənsə, ona işləmək fürsəti verməlisən. Xüsusilə də uzun müddətdi, heç bir şey qazanmayan klubda ilk problemdəcə əvvəlki planların üzərindən xətt çəkib hər şeyə yenidən başlamaq düzgün deyil. Mənim ''Yuve''də oynadığım illərdə hamımız kapitan və hamımız lider idik. Bu cür böyük kluba gələn hər futbolçu anlayırdı ki, bərabərlik qəbul edilmir. Yalnız qələbə tələb olunurdu. Zəfər əldə etmək üçün 24 saat özünü bu işə həsr etməlisən. Hədəfim və arzum İtaliyada işləmək, eləcə də yığmanı çalışdırmaqdı. Mən bütün dünyanı gəzib Asiyaya səyahət etmək üçün yox, bir gün İtaliyanın başına keçmək üçün işləyirəm. Klub məşqçisi kimi işlədikdə hər gün adrenalin yaşayırsan. Futbolçularla hər gün ünsiyyətdə olub onları oyunlara hazırlayırsan. Yığmada işləmək isə Neapol kofesi içməyə bənzəyir. Yəni qısa çəkir. Cəmi 10 günün olur və bu müddət ərzində səhvə yol verməməli, problemlərdən çıxış yolunu tapmalısan. Bu da əlavə stimul verir''.