"Neftçi"nin oyunlarına baxanda 60 il əvvələ qayıdıram" - köhnə azarkeş

7.11.2026 23:04 0
Ölkə futbolu / Manşet
Məlum olduğu kimi, premyer-liqada cari mövsümün ilk dövrəsi başa çatmaqdadı. “Neftçi” bu dövrəni lider kimi başa vurdu. “Ağ-qaralar” 7 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə ilk pillədədi. Bununla belə, flaqmanın oyunlarına maraq azdı. Stadionun əksər hissəsi boş qalır.

Bəs, Neftçi”nin stajlı azarkeşi, Murad Məmmədovun nənəsi Əfiqə Məmmədova necə düşünür? Komanda liderdi, mövsümü sonunda çempion olması realdı. Amma azarkeş oyuna gəlmir. Bunun səbəbləri nədi?
“Football-plus.az” bu suallara cavab tapmaq üçün sadiq azarkeşlə əlaqə saxladı:

“Neftçi" mövsümün sonunda çempion ola bilər. Ancaq mütləq qış transfer dönəmində komandanı gücləndirmək lazımdı. Əlavə oyunçulara ehtiyac var. Qoy lider olsunlar, çünki bu il rəqabət çoxdu. Klubların çoxu güclənib, intriqa artıb.
İndi Azərbaycanda ən güclü, ən yaxşı dəstəkçisi oln komanda "Kəpəz"di, o da Gəncədədi. Bəlkə də neçə illərdi "Neftçi" zəif oynadığı üçün azarkeşlər soyuyublar. Yəqin ki, tezliklə yenidən oyunlara gələr və stadionlara yığışarlar.
Əslində mən də özüm elə fikirləşirdim ki, daha oyunlara getmərəm, ancaq əksinə, daha da çox getməyə başlamışam. Elə bil mən “Neftçi” ilə nəfəs alıram. Komandanın oyunlarına gedəndə və ya gedə bilməyib televizordan baxanda 63 il, 60 il əvvələ qayıdıram. Atamı, anamı, qardaşımı, dayımı xatırlayıram. Elə bilirəm, yenə onlar mənim yanımdadılar, oturub mənimlə bərabər “Neftçi”yə baxırlar. Flaqmanın yüksəlməsini istəyirlər, komandamızın yaxşı oynamasını, lider olmasını istəyirlər. Allah mənə ömür yox, möhlət versin ki, “Neftçi”nin yaxşı günlərini görə bilim. Azərkeşlər də “Neftçi”nin bu uğurunu görüb, stadiona yığışmalıdılar. Çünki azarkeşlərin çoxu “Neftçi”nin arxada qaldığına və yaxşı oynamadığına görə küsüb incimişdilər. İnşallah, gələrlər. Ümumiyyətlə, “Qarabağ”ın adını çəkmək istəmirəm, çəkməsəm də olar. Amma “Qarabağ” azarkeşləri “Neftçi” azarkeşlərinə kobud yanaşırlar. Onsuz da “Qarabağ” azarkeşləri komandalarının çempion olduğu vaxtlarda da oyunlara çox gəlmirdilər. İndi də tam küsüblər, sanki cəmi yüz nəfər qalıblar.
İnşallah, “Neftçi”mizə uğur və liderlik nəsib olsun. Biz də hər zaman dəstəkləyək".


İSRAYIL XEYRULLAYEV