Premyer-liqanın ilk dövrəsinin son turunda “Zirə” doğma meydanda “Qəbələ”ni məğlub edib - 2:1.
Matçdan sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransı keçirib.
- Oyuna olduqca yaxşı başladıq və erkən qol vurduq. Lakin 10-cu dəqiqədən sonra üstünlüyü rəqibə verdik. İlk hissədə rəqib bizə təzyiq göstərirdi. Fasilədən sonra isə oyun dəyişdi və təşəbbüsü ələ aldıq. İstədiyimiz kimi oynadıq. 60-70-ci dəqiqələrdən sonra görmək istədiyimiz “Zirə”ni meydanda gördük. Rəqib çox yaxşı müdafiə olunur. Bekirinin gəlişindən sonra komandada ciddi irəliləyiş var. Buna görə bizi çətin oyunun gözlədiyini bilirdik. Son dəqiqələrdə fərqlənə bildik. Azarkeşlərimizi təbrik edirəm. Hesab bizim üçün qənaətbəxş deyildi. Onlar bizi dəstəklədilər, qələbəyə səslədilər və istəyimizə çatdıq.
- Elçin Əlicanov əsas heyət oyunçusu deyil. Bu matçda beşli müdafiə sistemi ilə ona start heyətində şans verdiniz. Ehtiyatda isə Kris və Vierinya var idi. Onlar meydana daxil olaraq fərqlənməyi bacardılar. Bu ssenarini əvvəlcədən hazırlamışdınız?
- Əslində, 4-2-3-1 sistemi ilə hazırlaşmışdıq. Əsas heyətdə İsmayıl və Cibrilla yer almalı idi. Lakin onlar iki gün əvvəl zədələndilər. Krisi əvvəldən meydana buraxsaydıq, ikinci hissədə ondan lazımi şəkildə yararlana bilməyəcəkdik. Vierinya isə zədədən yeni qayıdıb. O, oyunun tempinə tam uyğunlaşa bilməyəcəkdi. Allaha şükür olsun ki, bu gün bu sistemlə qələbə qazana bildik.
- Riçard Almeyda bu gün matçı izləməyə gəlmişdi. Onunla görüşərkən nə danışdınız?
- Məşqçiliyin çox ağır və stresli iş olduğunu dedim. Allahın köməkliyi ilə işimizin öhdəsindən gələk. Ona uğurlar arzulayıram.
İSRAYIL XEYRULLAYEV
“60-70-ci dəqiqələrdən sonra görmək istədiyimiz “Zirə”ni gördük” - Rəşad Sadıqov
Ölkə futbolu / Manşet





