''Trabzonspor''un seriyası qırıldı

7.11.2026 19:31 0
Dünya futbolu
Çempionlar Liqasında çıxış edən ''Qalatasaray'' və ''Fənərbaxça'' bu həftə fanatlarını mühüm qələbələrlə sevindirsə də, digər turnirlərdə çıxış edən ''Beşiktaş''la ''Trabzonspor'' ümidləri doğrultmadı.

Avropa Liqasında ilk 3 tura 7 xal toplayan ''Beşiktaş'' Qlazqoda ''Seltik''in qonağı oldu. Vinçentso İtalyanonun dönəmində səfər oyunlarında tez-tez büdrəyən İstanbul nəhəngi yenə rəqib meydanında fanatlarını məyus etdi. İlk yarısı qolsuz başa çatan oyunda əsas hadisələr fasilədən sonraya təsadüf etdi. ''Qartal'' hesabı açan tərəf olsa da, yekunda heç 1 xal da qazana bilmədi. Kamilo Duranın dubl etdiyi oyunda ''Seltik'' 3:2 üstün oldu. Özü də ''Qarabağ''ın sabiq üzvü qələbə qolunu 87-ci dəqiqədə vurdu.

''Ağ-qaralar'' bu mövsüm AL-in liqa mərhələsində ilk məğlubiyyətlə üzləşdilər. Komanda 4 turdan sonra 7 xalla 8-ci pillədə qərarlaşıb. ''Beşiktaş'' bu mövsüm 20-ci rəsmi oyunda 5-ci dəfə uduzdu (13 qələbə, 2 heç-heçə). İtalyanonun kollektivi bu 5 məğlubiyyətin hamısını səfər oyunlarında yaşayıb.

Konfrans Liqasında çıxış edən ''Trabzonspor'' isə evdə Almaniya təmsilçisi ''Frayburq''la bacara bilmədi. Qonaqların 14-cü dəqiqədə vurduqları qol oyunda yeganə oldu və ''Frayburq'' Trabzondan minimal qələbə ilə döndü. Bununla da komandanın Tomas Rays ilə möhtəşəm qələbə seriyası qırıldı. Almaniyalı mütəxəssisin təyinatından bu yana keçirdiyi 7 rəsmi oyunun hamısında qalib gələn qaradənizlilər ilk dəfə büdrədilər.

Avrokuboklarda Almaniya təmsilçilərinə qarşı keçirdiyi 9 oyunun heç birində qapısını toxunulmaz saxlaya bilməyən ''Trabzonspor'' bu günə qədər qarşılaşdığı bu ölkənin 5 fərqli klubunun hər birinə ən azı bir dəfə məğlub olub (''Bohum'', ''Frayburq'', ''Hamburq'', ''Kayzerslautern'', ''Şalke-04'').