Premyer-liqanın ilk dövrəsinin son turunda “Qəbələ” səfərdə “Zirə”yə məğlub olub - 1:2.
Matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Yeton Bekiri mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Çətin oyunlardan biri idi. Qarşılaşmanın böyük hissəsində yaxşı oynadıq. Lakin son 20 dəqiqədə bəzi fiziki problemlər yaşadıq. Son dəqiqədə qol buraxdığımız üçün özümü pis hiss edirəm. İkinci qolu buraxmaq istəmirdik. Bu çatışmazlıqların aradan qaldırılması istiqamətində çalışacağıq.
- Bu gün gördük ki, futbolçuların son anda qərarvermə ilə bağlı problemləri var. Bu, onların keyfiyyəti ilə əlaqəlidi?
- Sizinlə razıyam. Çatışmazlıqlar var. Bəzi məqamlarda keyfiyyət amilinə, bəzilərində isə iş prosesinə diqqət yetirmək lazımdı. Nəyisə düzəltmək üçün vaxt var. Rəqibi qələbə münasibətilə təbrik edirik. Ardıcıl çətin oyunlardan çıxmışıq. Gələcəkdə bu çatışmazlıqlar üzərində işləyəcəyik.
- Eşqin ilk dəfə milliyə dəvət alıb. Onun çıxışını necə dəyərləndirirsiniz? Siz komandaya gəldikdən sonra əsas milliyə dəvət olunmasını öz əməyinizlə əlaqələndirmək olar?
- İlk növbədə, onu təbrik edirəm. Eşqin keyfiyyətli futbolçudu. O, klubda çox çalışıb və illərdi burdadı. Ondan əvvəlki baş məşqçilərlə də işləyib. Deyə bilərəm ki, mənim də onun inkişafında az da olsa əməyim var.
İSRAYIL XEYRULLAYEV
“Son dəqiqədə qol buraxdığımız üçün özümü pis hiss edirəm” - Yeton Bekiri
Ölkə futbolu / Manşet





