"Son iki oyunda baş verənlər 4 xalımızı əlimizdən alıb" - Zaur Həşimov

7.11.2026 20:15 0
Ölkə futbolu / Manşet
"Şəfa" Misli premyer-liqasının 11-ci turunda "Araz-Naxçıvan"la heç-heçə etdi - 2:2.

"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Zaur Həşimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

- Xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Məncə, dinamik oyun alındı. Çoxlu qol epizodları yaratdıq. 2 qol vurduq və fərdi səhvlərdən 2 qol buraxdıq. Oyun, inkişaf göz qabağındadı. Yəqin hakimlikdən danışacağımı gözləyirsiz. Danışmağa məcburam. Ötən tur qapımıza təyin olunan penaltinin yanlış olduğunu Rəhim Həsənov da təsdiqlədi. Bu matçda nələrin baş verdiyi göz qabağında idi. Birinci vurduğumuz qolda Əliyar Ağayev öncədən fit çaldı. Epizodun bitməsini gözləyə bilərdi. Bütün xırda foullarda üstünlük rəqibə verilirdi. Rəqib futbolçu özü də əlinə dəydiyini etiraf edir. Amma hakimlər deyir ki, əl deyil, çiyindi. Təmiz qolumuza deyirlər ki, qol deyil. Ögey münasibət hiss etmək istəmirəm. Uşaqlar əziyyət çəkirlər. Son iki oyunda baş verənlər 4 xalımızı əlimizdən alıb. Bunu açıq-aşkar deməyə çəkinmirəm.

- Komandanız hər oyuna yaxşı başlayır, amma sonda ya məğlub olur, ya da heeç-heçə edir. Bunun səbəbi nədi?
- Bəsit qollar buraxırıq. Artıq neçənci oyundu ki, belə olur. Bunların üzərində işləyirik. Bəzi məqamlar var. Beş yerli futbolçu ilə oynayırıq. Heyətimizdə elə oyunçular var ki, ötən mövsüm 1-ci liqada çıxış ediblər. Bəzi səbəbləri mətbuatda demək olmur. Amma bunlara baxmayaraq dediyiniz məsələ bizi narahat edir.

- Mətbuatda yayılan xəbərlərə görə futbolçular bir neçə aydı ki, maaş almır. Bu xəbərlər nə dərəcədə doğrudu?
- Maaşlar tam şəkildə ödənilib. Bəli, müəyyən gecikmə olmuşdu. Bununla bağlı bütün futbolçulara məlumat verilmişdi. Yeni komandayıq. Hesabı açılmaqda gecikmə olan futbolçular var idi. Klubun hazırda heç kimə borcu yoxdu.

- Sadə qollar buraxmağın səbəbi heyətdə təcrübəli müdafiəçinin olmaması ola bilər?
- Bu gün büdcəmizə görə çox yaxşı komanda yığmışıq. Mövsümün əvvəlində məğlubiyyətləri sıralayanda bəzi legionerlərimizlə bağlı söz-söhbətlər var idi. Onlardan biri də Bafode Dansokodu. İki turdu ki, möhtəşəm futbol oynayır. Müdafiəçilərdən ümumi planda narazı deyiləm. Qola qədər səhvlər olur. Həmin səhvlər qola gətirib çıxarır. Bu gün üçün transferlə bağlı atacaq bir addım yoxdu. Bu futbolçularla işləyib məsələnin həllini tapmalıyıq.