Messinin “10” nömrəli formasını kim geyəcək?

7.11.2026 18:31 0
Dünya futbolu
Lionel Messi beynəlxalq karyerasını başa vurandan sonra onun daşıdığı “10” nömrəli forma bir müddət istifadə olunmayacaq.

"Football-plus.az" xəbər verir ki, Argentina yığmasının baş məşqçisi Lionel Skaloni formanı yaxın vaxtlarda heç bir futbolçuya verməmək qərarına gəlib. Milli komanda bu ay iki yoxlama oyunu keçirəcək. Komanda noyabrın 14-də Uruqvay, 17-də isə Kosta Rika ilə qarşılaşacaq. Həmin matçlarda “10” nömrəli forma heç bir futbolçuya təqdim olunmayacaq.

Qeyd edək ki, Argentina Futbol Assosiasiyası bir müddət əvvəl Messinin forma nömrəsinin dövriyyədən çıxarılması ilə bağlı FİFA-ya müraciət etsə də, buna icazə verilməyib.

Xatırladaq ki, Lionel milli komandada sonuncu oyununu oktyabrın 7-də Benin yığmasına qarşı yoldaşlıq görüşündə (3:0) keçirib.