“Qarabağ” azarkeşlərinin üzüntüsü üz-gözündən və ...sosial şəbəkələrdən yağır. Bunu da anlamaq olar: axı onların sevimli komandası bu gün turnir cədvəlinin yalnız 4-cü pilləsindədi. 2-ci turdan təxirə salınan “Kəpəz”lə oyunda mümkün qələbə belə “Qarabağ”ı uzaqbaşı ikinci edərdi, lider yox!
Görəsən, “Qarabağ”da – komandanın daxilində və ətrafında nə baş verir? Doğrudanmı, hər şey yalnız yenilənən heyətdəki əcnəbilərin bir-birinə uyğunlaşma prosesinin çətinliyi ilə bağlıdı? Bu da dəlildi, amma həlledici dəlil deyil.
Mateus Silva ilə Marko Yankoviç “Qarabağ”a bu yay gəlməyib, heç ötən yay da gəlməyib. Amma adamlar didişirlər, dalaşırlar, meydanda mehriban kollektivin üzləri kimi davranmırlar. Qurban Qurbanov “Qəbələ” ilə oyunda ikisini də əvəzlədi, “Turan Tovuz”la oyunda birini sona qədər ehtiyatda saxladı, o birinə yalnız 72-ci dəqiqədə şans verdi. Mənə elə gəlir ki, baş məşqçinin belə seçimi həm də dalaşanlardan kimi üstün tutmasına işarədi. Marko bu gün komandanın liderlərindən biri olmalıydı, amma ola bilmədi. Sanki yol üstədi, pul, yoxsa münasibət problemi olduğunu bilmirəm, amma bildiyim odu ki, meydanda qətiyyən xoşbəxt adan təsiri bağışlamır. Bu mövsüm keçirdiyi 9 oyunda cəmi bir qol vurması da təəccüb doğurmamalıdı.
Başqa bir önəmli məqam yığma fasiləsinin yaratdığı problemdi. Oktyabrda da belə idi, noyabrda da belə olacaq. “Qarabağ”ın nə az, nə çox – 15 oyunçusu ayrı-ayrı yığmaların düşərgəsinə yollanıb. Mozambiklə Livandan tutmuş Azərbaycanın U-20 yığmasına qədər. Belədə faydalı məşqdən, oyun əlaqələrini yaxşılaşdırmaqdan və ya yeni əlaqələr qurmaqdan söhbət gedə bilməz. “Qarabağ”ın “sükanı arxasında” Qurban Qurbanov yox, Xosep Qvardiola olsa da!
10 oyuna 5 qələbə qətiyyən çempionluq qrafiki deyil. Məncə, indi “Qarabağ” və Qurban Qurbanov yığma fasiləsinin bir an öncə bitməsini, qış fasiləsinin tez gəlməsini arzulayırlar ki, nəfəs dərmək, növbəti dəfə heyətə əl gəzdirmək mümkün olsun. İşlər bu qaydada davam etsə, “Qarabağ” nəinki çempion, heç vitse-çempion da ola bilməyəcək!
ORXAN
Böhran, özü də əməlli-başlı böhran! – “Qarabağ” indi qışı arzulayır
Ölkə futbolu / Manşet





