Dörd futbolçu əsas millidə debüt edə bilər! – Ayxan Abbasov sentyabrla müqayisədə nəyi dəyişdi?

7.11.2026 13:39 0
Ölkə futbolu / Manşet
Baş məşqçi Ayxan Abbasov bu gün millimizin heyətini açıqladı.

“Football-plus.az” xatırladır ki, yığma noyabrda səfərdə iki oyun keçirəcək. Komanda 13-də Millətlər Liqasında Lixtenşteynlə, 16-da yoxlama görüşündə Andorra ilə qarşılaşacaq. Bəs, sentyabrda açıqlanan heyətlə indiki arasında hansı fərqlər var? 27 nəfərdən ibarət siyahıya nəzər salaq.

Qapıçılardan Aydın Bayramov və Emil Balayevə bu dəfə də ehtiyac duyulub. Rəvan Mirzəmmədov kənarda qalıb. Şahruddin Məhəmmədəliyev 5 aylıq fasilədən sonra yenə milli forma geyəcək.

Müdafiəçilərdən Bədavi Hüseynov, Elvin Bədəlov, Anton Krivotsyuk, Rahil Məmmədov, Rəhman Daşdəmirov, Rüfət Abbasov, Toral Bayramov, Tellur Mütəllimov yenə çağrılıb. Eşqin Əhmədov ilk dəfə əsas milliyə dəvət alıb. Yığmada sonuncu dəfə iyunda görünən Qismət Alıyevin də həsrəti başa çatıb. Ayxan Abbasov Murad Xaçayev və Cəlal Hüseynovu budəfəki siyahıya salmağı lazım bilməyib.

Yarımmüdafiəçilərə gəlincə, Oruc Məmmədov, Fərid Yusifli, Rüfət Abdullazadə, Abdulla Xaybullayev, Aleksey İsayev və Emin Mahmudov bu dəfə də siyahıdan kənarda qalmayıb. Sentyabrda ehtiyac duyulmayan Murad Məmmədov, Namik Ələsgərov və Emil Mustafayev artıq millidə forma geyəcək. Nihat Əhmədzadə isə Eşqin kimi ilk dəfə yığmaya çağrılıb. Ceyhun Nuriyev, Edqar Adilxanov, Rəhim Sadıxov, Emil Səfərov, Ayxan Hüseynov, Anatoli Nuriyev və Mustafa Əhmədzadə bu toplanışda iştirak etməyəcək.

Maraq üçün qeyd edək ki, Murad da ilk dəfə əsas yığmada forma geyəcək. Namik sonuncu dəfə 2023-cü ildə, Emil isə 2024-cü ildə milliyə çağrılmışdı.

Hücumçulardan Mahir Emreli ilə Musa Qurbanlı bu dəfə də yaddan çıxmayıb. Renat Dadaşov və Vüsal İsgəndərli isə bu toplanışdan kənarda qalıb. Həmçinin sentyabrda çağrılmayan Xəyal Əliyev bu dəfə dəvət olunub. Ən əsası, İtaliya B seriyasında “Sampdoriya”nın şərəfini qoruyan, indiyə qədər U-21 millimizdə çıxış edən Lorentso Mezzotero artıq əsas yığmadadı!

İndi komandamızı Lixtenşteynə qarşı önəmli oyun gözləyir. Milli səfərdə qalib gəlməlidi ki, Millətlət Liqasında mübarizəni D liqasının qrup qalibi kimi başa vursun. Uğurlar, milli!

KƏNAN BAHADIR