Lionel Messi titullar kolleksiyasını bir qədər də artırıb. Dünya şöhrətli futbolçu parlaq karyerasında 49-cu titulunu qazanıb.
"Football-plus.az" xəbər verir ki, “İnter Mayami”nin 39 yaşlı hücumçusu “Campeones Cup”un qalibi olub. Messinin komandası həlledici matçda Meksika “Krus Asul”unu 2:0 hesabı ilə məğlub edib. Qolları Messi və Kazemiro vurub. Lionel ABŞ klubunda 100-cü dəfə qapıya yol tapıb. Kazemiroya ötürməni də məhz o verib.
Ulduz futbolçu “İnter Mayami” ilə 5-ci titulunu qazanıb. Xatırladaq ki, o, 2023-cü ildə Şimali Amerika Liqasının, 2024-cü ildə MLS-in müntəzəm çempionatının, 2025-ci ildə isə MLS-in Şərq Konfransının pley-offunun və ABŞ çempionatının qalibi olub. Argentinalı futbolçunun klubu ilə müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulan müqaviləsi var. Karyerasında daha çox “Barselona” (35) ilə titul qazanan Lionel bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 27 oyunda 23 qol vurub və 14 məhsuldar ötürmə verib.
Yeri gəlmişkən, Messi Argentina yığmasına sonuncu dəfə dəvət alıb. O, milli komandanın qarşıdakı yoldaşlıq oyunlarında iştirak edəcək. Argentina sentyabrın 30-da Boliviya, oktyabrın 3-də Burkina Faso, oktyabrın 6-da isə Benin ilə qarşılaşacaq. Yerli futbol qurumunun məlumatında Beninlə oyunun Messi üçün milli formada vida matçı olacağı bildirilib. 2022-ci ildə dünya çempionu olan ulduz futbolçu üçün Buenos Ayresdəki “Monumental” stadionunda xüsusi vida mərasiminin təşkili planlaşdırılıb. Həmin mundialda qalib adını qazanan milli komandanın bütün üzvlərinin Beninlə matça dəvət olunacağı gözlənilir.
Xatırladaq ki, Messi avqustun 31-də yığma karyerasını başa vurduğunu açıqlayıb. O, milli komandada 207 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.
49 titullu Messi milli forma ilə rəsmən vidalaşacaq
Dünya futbolu





