Olivye Letanq dilinin bəlasına düşüb.
"Football-plus.az" xəbər verir ki, “Lill”in prezidenti hakimləri tənqid etdiyinə görə 6 ay müddətinə futboldan kənarlaşdırılıb. Cəza onun Liqa 1-in 2-ci turunda PSJ ilə keçirilən oyundan (2:2) sonra hakimlərin ünvanına səsləndirdiyi tənqidlərə görə verilib. Xatırladaq ki, PSJ həmin oyunda əlavə olunmuş vaxtda hesabı bərabərləşdirmiş, Letanq isə hakimin əlavə vaxtı uzatmasına etiraz edərək stadionun dəhlizində “bu, biabırçılıqdı, həmişə belə olur” deyə qışqırmışdı.
Bununla kifayətlənməyən funksioner Fransa Futbol Federasiyasının və Peşəkar Futbol Liqasının rəhbərliyinə, həmçinin hakimlər departamentinin rəhbəri Antoni Qotyeyə elektron məktublar göndərib. Məktublarında həmin oyunun hakimi Erik Vattelyenin təyinatını tənqid edib və “artıq bu şəxsin oyunlarımızı idarə etməsini qəbul edə bilmərik” yazıb. Hətta Vattelye yenidən “Lill”in oyununa təyin olunarsa, klubun meydana çıxmamaq ehtimalını da dilə gətirib.
Sentyabrın 16-da Peşəkar Futbol Liqasının (LFP) intizam komissiyası Letanqı 20 min avro cərimələmişdi. Lakin Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsi bu cəzanı çox yüngül hesab edərək qərardan apellyasiya şikayəti verib. Apellyasiya şikayətinə baxıldıqdan sonra Letanqın 6 ay müddətinə rəsmi futbol fəaliyyətindən kənarlaşdırılmasına qərar verilib.
Dilinin bəlasına düşdü
Dünya futbolu





