Lionel Messinin beynəlxalq karyerasını başa vurması ölkəsində ciddi müzakirə doğurub. “İnter Mayami”nin liderinin daşıdığı formanın kimə qismət olacağı sual doğurur.
"Football-plus.az" xəbər verir ki, 39 yaşlı ulduz futbolçu Argentina yığmasındakı çıxışını dayandırdığını avqustun 31-də açıqlayıb. Bununla da onun uzun illər geydiyi “10” nömrəli formanı kimin daşıyacağı gündəmə gəlib. “Marca” nəşrinin məlumatına görə, bu formaya namizədlərin siyahısında Nikolas Pas, Aleksis Makallister, Entso Fernandes və Tyaqo Almadanın adları çəkilir.
Argentinada “10” nömrənin Messiyə hörmət əlaməti kimi istifadədən çıxarılması təklif olunsa da, FİFA qaydaları buna imkan vermir. Qeyd edək ki, oxşar hal vaxtilə Dieqo Maradona ilə bağlı da yaşanıb. 2001-ci ildə Argentina Futbol Assosiasiyası “10” nömrəli futbolkanı əbədiləşdirmək istəsə də, FİFA buna icazə verməmişdi.
Son xəbərə görə, “Komo”nun yarımmüdafiəçisi Nikolas Pas milli komandada “10” nömrəli formanı daşımağa əsas namizəd hesab olunur. ESPN telekanalı argentinalı futbol şərhçisi Federiko Buenoya istinadla bu barədə məlumat yayıb. Messinin uzun illər geydiyi formanın Pasa veriləcəyi gözlənilir. Buenonun dediyinə görə, Lionel Skaloni baş məşqçi vəzifəsində qalacağı halda Nikolasa “10” nömrəli formanı verməyi planlaşdırır. Yeri gəlmişkən, 21 yaşlı futbolçu bu il keçirilən dünya çempionatında “18” nömrəli forma ilə çıxış edib. Pasın “Komo”da “10” nömrəli formanı daşıdığını da bildirək.
Messinin “10” nömrəsi kimə qismət olacaq?
Dünya futbolu






