Norveçin "Vikinq"i, yoxsa Azərbaycanın "kinq"i? - YAZI

4.11.2026 10:52 63
Yazarlar / Manşet
Bizi Çempionlar Liqasının liqa mərhələsində gərgin keçəcəyi şübhə doğurmayan "Vikinq" - "Sabah" matçı gözləyir. Norveç təmsilçisinin qonağı olacaq "bayquşlar" bu turnirdə ikinci qələbəsini qazanmağa çalışacaq.

Təbii ki, Stavangerdən qalib qayıtmaq şərtdi. Çünki 3 xal komandamızın 4-cü turu ilk "24-lük"də başa vurması ilə nəticələnə bilər. Üstəlik, "Vikinq" məhz "Sabah"ın “dişinə görə” əqibdi. Düzdü, son günlərdə Valdas Dambrauskasın "Fənərbaxça"dan aldığı təklif üzündən fikrinin qarışacağından narahat idik. Lakin Türkiyə mətbuatında yayılan xəbərlərə inansaq, İstanbul nəhəngi artıq Əmrə Belözoğlu ilə anlaşıb. Yəni litvalı mütəxəssis var gücü ilə "Vikinq"lə oyuna köklənə, bu dəfə taktiki səhvlərə yol verməyə bilər. Heç şübhəsiz, belədə "Sabah"ın çətin, soyuq səfərdən qələbə ilə qayıtmaq ehtimalı artır. Biz isə özümüzə asanlıqla "Norveçin "Vikinq"i, yoxsa Azərbaycanın "kinq"i?" sualını verə bilirik.

Bilindiyi kimi, "kinq" ingilis dilindən tərcümədə “kral” deməkdi. Ümid edirik ki, buna görə başqa klubların azarkeşləri bizdən inciməz. Axı ötən mövsüm "qızıl dubl"a imza atan, debüt mövsümündə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanan "Sabah" indiki durumda bu ada layiqdi. O başqa məsələ ki, "bayquşlar" Stavangerdən 3 xal gətirsə, sözün əsl mənasında "KİNQ" olacaqlar.

Buna nə mane ola bilər? Rəqibin daha təcrübəli olması? "Sabah" Dortmund "Borussiya"sından xal almağa yaxın idi. Süni ot örtüyü? "Sabah" belə qazonlarda xeyli oyun keçirib. Büdcə məsələlərini qabartmaq adəti isə müasir futbolda "dəfn olunmaq" üzrədi. Hə, bircə hava şəraiti amili var ki, orda "bayquşlar"ı şaxtalı gecə gözləyir. Yenə də indi qalib daha çox istəyən, mübarizə aparan, qaçan, əzmkarlıq edən, qələbəyə köklənən, sona qədər "ağ bayraq qaldırmayan" komanda olur. "Sabah" niyə olmasın?!

KƏNAN BAHADIR