“Bəzi məsələlər var ki, mənim taktiki səhvlərim oldu” - Dambrauskas

30.10.2026 20:58 81
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 10-cu turunda "Turan Tovuz"un qonağı olan “Sabah" mövsümdə ilk dəfə uduzdu - 2:3.

"Football-plus.az" "bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyunsonrası mətbuat konfransında dediklərini təqdim edir.

- “Turan Tovuz”u təbrik edirəm, rəqib bizdən daha yaxşı çıxış etdi. Çox gözəl atmosfer var idi. Məhsuldar oyuna şahidlik etdik. Meydan sahibləri bu atmosferdən qalib ayrıldı. Bəzi məsələlər var ki, mənim taktiki səhvlərim oldu. İkinci hissədə daha yaxşı oynadıq və 2 qol vurduq. Rəqibə ilk hissədə boşluqlar verdik. Məğlubiyyətin məsuliyyəti məndədi.

- Norveçə uzaq yolunuz olacaq. Qısa müddətdə komandanı psixoloji baxımdan nə dərəcədə toparlaya biləcəksiz?
- Biz artıq 6 oyundu sıx qrafikdəyik. Bəzən cəmi bir taktiki məşqimiz olur. Bu gün Bakıya qayıdacağıq. Bazar günü məşqimiz var.

- Velko Simiçlə Umarali Raxmonaliyevi “Vikinq”lə oyunda tam hazır görə biləcəyikmi?
- Umarali hazırdı, ona bir az istirahət vermək qərarına gəldik. Simiçin zədəsi var. Oyuna qədər hazır etməyə çalışacağıq.

- “Vikinq” öz evində 14 oyunda cəmi 1 heç-heçə edib. Bu seriyanı qıra biləcəksizmi?
- Hər oyun çətindi. Daxili çempionatda belə səhvlər ediriksə, asan olmayacaq. Rəqibin zəif cəhətlərini öyrənməyə çalışacağıq.

ƏSƏD SEYİDOV