"Norveçə mümkün qədər yaxşı hazırlaşaraq gəlmişdik" - Valdas Dambrauskas

5.11.2026 09:39 36
Avrokuboklar / Manşet
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda “Vikinq”ə qarşı səfərdə uduzduqları oyunu (1:4) şərh edib.

"Football-plus.az" xəbər verir ki, mütəxəssis matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

- “Turan Tovuz”a 2:3 hesablı məğlubiyyətdən sonra həmin oyunda taktiki səhvlərə yol verdiyinizi demişdiz. Bəs bugünkü matçda da taktiki səhvlər var idi?
- Düşünmürəm ki, bugünkü oyunda da eyni səhvlərə yol verdik. Bu, artıq Çempionlar Liqasıdı və tamamilə fərqli səviyyədi. Norveçə mümkün qədər yaxşı hazırlaşaraq gəlmişdik. İlk hissədə bərabər mübarizə getdi. Hər iki komandanın bir şansı oldu və hər ikisi bundan yararlandı. İkinci hissə daha açıq keçdi, biz daha çox top itirməyə başladıq, rəqib isə daha tez-tez təkbətək mübarizələrə girdi. Belə vəziyyətlərdə sürətli oynamaq, topu tez ötürmək və daha çevik hərəkət etmək lazımdı. Hesab edirəm ki, bəzi epizodlarda bunu bacarmadıq.

Həm biz, həm də rəqib hücumlar edirdi. Təəssüf ki, belə hücumlardan birinin ardından qapımıza penalti təyin olundu. Bundan sonra oyun bərabər mübarizə şəraitində davam edirdi. Təəssüf ki, qırmızı vərəqə və bundan dərhal sonra buraxdığımız qol oyuna təsir etdi. İstəyimizi göstərməkdə davam edirdik, hətta daha bir qol vura bilərdik, amma qapıçı seyvlə yadda qaldı. Oyunun sonundakı səhv isə futbolda baş verə bilər. Dördüncü qolu buraxdıq. Çempionlar Liqasında kiçik səhvə görə belə səni cəzalandırırlar. “Turan Tovuz”la oyunda 0:2 hesabı ilə geridə olsaq da, geri dönüş etməyə çalışırdıq. Burda isə qırmızı vərəqəyədək bərabər oyun gedirdi.

- Ötən oyunda Eyden Makkarti qol vurmuşdu, bu dəfə isə qırmızı vərəqə aldı. Ola bilərmi ki, həddindən artıq təzyiq onun oyununa təsir göstərib?
- Düşünmürəm ki, futbolda qırmızı vərəqə alan sonuncu futbolçu Makkarti olacaq. Təəssüf ki, “Barselona” ilə oyunda onun xidmətindən yararlana bilməyəcəyik. Amma ümumilikdə belə hallar hər futbolçunun başına gələ bilər. Bunun onun ötən turda qol vurması və bu oyuna böyük ambisiyalarla çıxması ilə əlaqəli olduğunu düşünmürəm.

- Qırmızı vərəqə epizodunda “Vikinq”in futbolçusu meydanda uzanarkən top qəsdən meydandan kənara vuruldu, lakin daha sonra komandanız topu rəqibə qaytarmadı.
- Biz bunu qətiyyən etmək istəmirdik. Həmin vaxt oyunda uzun fasilə yarandı və ola bilsin ki, futbolçular topun meydandan necə çıxdığını sadəcə unutdular. Rəqibdən üzr istədik. Düşünürəm ki, bu, futbolda baş verən adi hadisədi və müzakirə etməyə dəyməz. Çünki bu, qəsdən edilməmişdi.