“Bunu təkcə mən yox, Dambrauskas və məşqçi korpusu da yaxşı başa düşür” – “Sabah”ın heç şansı yoxdu?

10.09.2026 19:24 0
Avrokuboklar
“Sabah” bu gün Çempionlar Liqasının liqa mərhələsində səfərdə “Mançester Yunayted”lə qarşılaşacaq. Heç şübhəsiz, çempionu “Old Trafford”da olduqca çətin sınaq gözləyir.

Təsnifat mərhələsində daha çox hücum futbolu nümayiş etdirən Valdas Dambrauskasın yetirmələrinin bu dəfə eyni üslubda çıxış etməsi çətin görünür. “Qırmızı şeytanlar” qarşısında “bayquşlar”ın şansı nə qədərdi? “Sabah” xal qazanmaq üçün necə oynamalıdı? Valdas Dambrauskas hansı taktiki dəyişikliklərə əl ata bilər? “Football-plus.az”ın bu suallarına təcrübəli mütəxəssis Aslan Kərimov cavab verdi:

“İstənilən oyunda hər bir komandanın şansı var. Sadəcə, bunun nə qədər çox və ya az olması məsələsi var. Aşkar şəkildə məlumdu ki, bu görüşün favoriti “Mançester Yunayted”di. Bunun üçün futbol bilicisi və ya mütəxəssis olmağa ehtiyac yoxdu.

“Sabah” köklü və premyer-liqanın səviyyəsi yüksək olan komandasına qarşı oynayacaq. Təbii ki, rəqibin şansı daha yüksəkdi. Amma “Sabah”ın da qol imkanları olacaq. Komandanın əks-hücumları pis alınmır. Hücumameyilli futbolçuları yetərincə sürətli və fəaldı. Kənar müdafiəçilər də tez-tez hücuma qoşulurlar. Bu oyunda onların nə qədər irəli çıxa biləcəyini demək çətindi. Çünki rəqib buna çox imkan verməyəcək.

Amma əminəm ki, “Sabah”ın qol şansı olacaq. Eyni zamanda əsas məsələ “Mançester Yunayted”in hücumlarının qarşısını necə almaqdı. Bu isə təkcə bizim komandadan asılı deyil. Rəqibin heyətində yüksək səviyyəli futbolçular var. Onlar müdafiəni yarmaq və fərdi mübarizələrdə üstünlük qazanmaq baxımından “Sabah”ı geridə qoya bilərlər.

“Sabah” necə oynamalıdı? Düşünürəm ki, Dambrauskas “Zirə” ilə oyundan sonra bu barədə kifayət qədər açıq danışdı. O da bildirdi ki, İngiltərədə fərqli oynamaq məcburiyyətində olacaqlar. Böyük ehtimalla “Old Trafford”da daha yığcam, rəqibi geridə qarşılayan və müdafiəyə daha çox diqqət ayıran üslub görəcəyik. Təbii ki, B planının olması vacibdi. Yəqin ki, Dambrauskasın da belə planı var. Oyunda nələrsə istədikləri kimi getməsə, müəyyən dəyişikliklər etməyə çalışacaq. Amma ümumilikdə strategiyanı köklü şəkildə dəyişmək imkanlarımız çox deyil. Çünki bunun üçün çoxlu keyfiyyətli oyunçunun olması lazımdı. Üstəlik komandada zədəli futbolçular var. Solvet oynamayacaq. “Mançester Yunayted” Dambrauskasın indiyədək qarşılaşdığı rəqiblərdən kəskin şəkildə fərqlənir. Əvvəlki oyunlarda hansısa hissələrdə dominantlıq edə bilirdiksə, indi bunu etmək çox çətin olacaq. Bunu təkcə mən yox, Dambrauskas və məşqçi korpusu da yaxşı başa düşür. Şəxsən öz adıma deyirəm ki, hesab necə olur-olsun, Azərbaycan komandası üçün Çempionlar Liqasının liqa mərhələsində meydana çıxmaq və həmin himni eşitmək hər şeyə dəyər. Yenə deyirəm, hesabın necəliyindən asılı olmayaraq”.


İSRAYIL XEYRULLAYEV