AFFA İntizam Komitəsi ölkə kubokunun “Səbail” – “Zirə” oyunu ilə bağlı verdiyi qərarda bütün günahı Samuel Nonqohun üzərinə yıxdı. Çox güman, bir də hakim Səbuhi Bayramov uzun müddətə cəzalanacaq. Bununla da Azərbaycan futbolunda çox arzuolunmaz presedent yarandı, ölkə futbolunun gələcəyinin altına mina qoyuldu. Əminəm ki, 3, 5, 10 il sonra belə hadisə təkrarlananda dünənki anlaşılmaz qərar xatırlanacaq, onun fəsadlarını hiss edəcəyik. Ona da əminəm ki, “Zirə” həmin penalti seriyasında uduzsaydı, narazı qalacaq, haqqını bərpa etmək üçün “üsyan bayrağı qaldıracaqdı”.
İntizam Komitəsinin sədri Erkin Hüseynov bir müddət əvvəl telefon danışığı zamanı mənə demişdi ki, əməkdaşlarınız sözlərimi təhrif edir, ona görə də açıqlama verməyə həvəsli deyiləm. Kənan Bahadıra verdiyi, dünən saytımızda yer alan açıqlamanı şəxsən dinləmişəm, eynilə belə deyib: “Hakimin yaratdığı problem üzündən matçın yenidən keçirilməsi, fərqli qərarların verilməsi mümkün deyil”.
Mən isə Erkin bəyin nəzərinə oyunların tam və ya qismən yenidən keçirilməsi ilə bağlı çoxlu belə nümunədən yalnız ikisini çatdırıram. Özü də son hadisə iki ay əvvəl Estoniyada baş verib. Görünür, estonlar da özünə, futboluna hörmət edə bilir, biz isə bunu bacarmırıq. Və ya nəyə görəsə bacarmırıq!
22 avqust 2001. İnsbruk. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu. Tirol (Avstriya) – Lokomotiv (Rusiya) 0:1
İlk oyunda da 3:1 hesabıyla qalib gələn “Loko” sakitcə qrup mərhələsinin oyunlarına hazırlaşmalı olduğu məqamda avstriyalıların etirazıyla üzləşir. Belə ki, niderlandlı referi Mario van der Ende artıq sarı vərəqəsi olan Ruslan Pimenovu 72-ci dəqiqədə 2-ci “sarı” ilə meydandan qovmaq əvəzinə qeydləri qarışdırır, vərəqəni Vladimir Maminovun adına yazır. Belədə komandalar oyunu bərabər heyətlə davam etdirir. Ədalətsizliyi qəbul etməyən UEFA sentyabrın 8-də oyunun yenidən keçirilməsinə qərar verir. “Loko” qapıçı Ruslan Niqmatullinin inanılmaz möhtəşəm oyunu sayəsində yalnız bir top fərqi (0:1) ilə uduzur və növbəti mərhələyə adlayır.
3 sentyabr 2026. Tallin. Estoniya çempionatının 1-ci liqasında “Nımme Yunayted” – “Elva” oyunu keçirilir. Oyunu idarə edən hakim Kristyan Sillak 88-ci dəqiqədə qonaqların oyunçusu Rasmus Lindmyaeyə 2-ci sarı vərəqəni göstərsə də, onu meydandan qovmağı unudur. Baxmayaraq ki, meydandakı futbolçular hakimə bununla bağlı xəbərdarlıq edir. “Elva”nın 1:0 hesablı qələbəsi ilə bitən oyundan sonra Estoniya Futbol İttifaqı (bu ad nəsə deyirmi?) qayda pozuntusunun fərqinə varır. Qurum bir neçə gün sonra uzatma dəqiqələrini də nəzərə almaqla komandaların son 8 dəqiqəni oynamaq üçün meydana dönməsinə qərar verir. Düzdü, hesab dəyişmir, amma ədalət zəfər çalır! Əlavə fakta ehtiyac varmı, Erkin bəy?
MAHİR
Estonlar iki ay əvvəl yanlış vərəqəyə görə oyunu yenidən keçirib! – AFFA İntizam Komitəsi və Erkin Hüseynov üçün
Ölkə futbolu / Manşet





